Mingəçevirdə liseydə özbaşınalıq- “Direktor sınaq imtahanlarına məcburi bilet satır”

Bu gün, 00:09           
Mingəçevirdə liseydə özbaşınalıq-
Liseyin direktoru Nailə Məmmədova sınaq imtahanlarına bilet almayan şagirdləri təhsil müəssisəsindən qovmaqla hədələyir

Mingəçevir Şəhər Texniki-Humanitar Liseyində (keçmiş 15 saylı məktəb) şagirdlərə məcburi qaydada sınaq imtahanlarına bilet satıldığı iddia olunur.

TEREF yazır ki, bu barədə Bestmedia.az-a valideynlər məlumat veriblər. Onların sözlərinə görə, liseyin direktoru Nailə Məmmədova sınaq imtahanlarına bilet almayan şagirdləri təhsil müəssisəsindən qovmaqla hədələyir.

Valideynlər iddia edirlər ki, N.Məmmədova sınaq imtahanı üçün bilet almayan şagirdləri otağına çağırır və onlara məktəbdən qovulacaqlarını bildirir.

Məlumata görə, “Zəkalar” sınaq imtahanlarının biletləri 9-14 manat arasında dəyişir. Valideynlər övladlarını hər ay bir neçə fənn üzrə sınaq imtahanına göndərməyə maddi imkanlarının çatmadığını deyirlər. Onların bildirdiyinə görə, liseydə özbaşınalıq halları baş alıb gedir və məktəb tərəfindən şagirdlərə əlavə vəsaitlər də aldırılır.

Valideynlər direktorun şagirdlərə sınaq imtahanlarını təşkil edən kursun biletlərini məcburi qaydada aldırmasında və əlavə vəsaitlər tələb edilməsində şəxsi maddi marağının olduğunu iddia edirlər.

Onlar bu vəziyyətlə bağlı dəfələrlə TikTok və digər sosial şəbəkə hesablarında paylaşım etdiklərini, lakin Elm və Təhsil Nazirliyinin iddia olunan qanunsuzluqlara göz yumduğunu söyləyirlər.

Məsələ ilə bağlı Bestmedia.az-ın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən şikayətin araşdırılacağı və araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]