İcbari avtomobil sığortası “Meqa Sığorta”nın “baş ağrısı”na çevrilib - NƏ BAŞ VERİR?

Bu gün, 17:47           
İcbari avtomobil sığortası “Meqa Sığorta”nın “baş ağrısı”na çevrilib - NƏ BAŞ VERİR?
Azərbaycanın qeyri-həyat sığortası bazarında fəaliyyət göstərən “Meqa Sığorta” ASC-nin icbari avtomobil sığortası üzrə zərərlilik əmsalı 2026-cı ilin ilk doqquz ayında 106,77%-ə yüksəlib.

Banker.az xəbər verir ki, şirkətin açıqladığı maliyyə hesabatına əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövründə 96,37% təşkil edib. Beləliklə, icbari avtomobil sığortası üzrə zərərlilik bir ildə 10,4 faiz bəndi artıb.

Şirkətin bu sığorta növü üzrə hesablanmış sığorta haqları illik müqayisədə 36,6% və ya 4,3 milyon manat azalaraq 11,73 milyon manatdan 7,43 milyon manata düşüb.

Eyni dövrdə sığorta ödənişləri isə 4,5% və ya 350,43 min manat azalaraq 7,83 milyon manatdan 7,48 milyon manata enib. Beləliklə, yığımların azalması ödənişlərin azalmasını xeyli üstələyib.

Nəticədə, “Meqa Sığorta”nın icbari avtomobil sığortası üzrə doqquz aylıq ödənişləri hesablanmış sığorta haqlarını 51,83 min manat üstələyib. Başqa sözlə, hər 100 manat hesablanmış sığorta haqqına qarşılıq 100,7 manat sığorta ödənişi düşüb.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə şirkətin bu sığorta növü üzrə hesablanmış sığorta haqları ödənişlərindən 3,89 milyon manat çox idi. Həmin dövrdə ödənişlərin hesablanmış sığorta haqlarına nisbəti 66,80% təşkil edirdi. Bu nisbət bir ildə 33,90 faiz bəndi yüksəlib.

Şirkətin ümumi sığorta portfelində də icbari avtomobil sığortasının yükü diqqət çəkir. Belə ki, bu məhsul üzrə hesablanmış sığorta haqları bütün sığorta növləri üzrə haqların 27,3%-ni təşkil etdiyi halda, ödənişlərin 59,8%-i məhz bu sığorta növünün payına düşüb.

“Meqa Sığorta” 2026-cı ilin ilk doqquz ayını 2,78 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründəki 3 milyon manatlıq mənfəətdən 7,5% və ya 226,49 min manat azdır.

Şirkətin ümumi gəlirləri illik müqayisədə 8,4% artaraq 28,1 milyon manata, xərcləri isə 12,2% artaraq 24,88 milyon manata yüksəlib. Bununla yanaşı, investisiya gəlirləri 48% artaraq 3,06 milyon manata çatıb.

Xatırladaq ki, Azərbaycanın sığorta bazarında daha əvvəl də bəzi şirkətlər icbari avtomobil sığortası üzrə fəaliyyətlərini dayandırıblar. “Azsığorta” ASC 2022-ci ilin sentyabrında bu məhsuldan imtina edib. Şirkət rəhbərliyi sonradan qərarı icbari avtomobil sığortası üzrə zərərliliyin kəskin artması ilə izah edib. “Bakı Sığorta” ASC isə 2024-cü ilin sentyabrında könüllü müraciət əsasında icbari avtomobil sığortası da daxil olmaqla üç icbari sığorta növü üzrə fəaliyyətdən çıxıb. Bu qərarın konkret iqtisadi səbəbi açıqlanmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]