Avropada hər dörd pilotdan biri uçuş zamanı kabinədə yuxulayır

Bu gün, 15:24           
Avropada hər dörd pilotdan biri uçuş zamanı kabinədə yuxulayır
Avropa aviaşirkətlərində çalışan və sorğuda iştirak edən pilotların təxminən dörddə biri iş üçün həddindən artıq yorğun olduqlarını hiss etsələr də, uçuşları idarə etməyə davam edirlər. Hər dörd pilotdan üçü sorğudan əvvəlki dörd həftə ərzində uçuş zamanı kabinədə ən azı bir dəfə mikroyuxu halı yaşadığını bildirib.

"The Guardian" nəşri xəbər verir ki, bu nəticələr Avropa Pilotlar Assosiasiyasının (ECA) təxminən 7 200 kapitan və ikinci pilot arasında keçirdiyi sorğuda əksini tapıb.

Tədqiqatın nəticələrinə əsasən, iştirakçıların 24%-i yorğunluq səbəbindən uçuşa yararsız olduqlarını bildirmək əvəzinə, reysləri davam etdirməyi seçirlər. Daha 16.8%-i isə belə hallarda yorğunluqdan deyil, xəstəlikdən şikayət etdiklərini bildirirlər.

Sorğuda iştirak edənlərin üçdə birindən çoxu yorğunluğun yığılmasının qarşısını almaq üçün uçuşlar arasındakı müddətdə kifayət qədər istirahət edə bilmədiklərini vurğulayıb.

Mikroyuxu adətən bir neçə saniyə davam edən, yuxusuzluq və həddindən artıq yorğunluq nəticəsində yaranan qeyri-iradi yuxuya getmə halıdır. Bu zaman insanın gözləri açıq qala bilər, lakin o, ətrafdan gələn məlumatları qəbul etməyi dayandırır. İnsan çox vaxt mikroyuxuya getdiyinin fərqinə varmır. Buna görə də bu hal avtomobil və ya təyyarə idarə edərkən xüsusilə təhlükəlidir.

Sorğu iştirakçılarının yarısı tədqiqatdan əvvəlki üç ay ərzində həddindən artıq yorğunluq səbəbindən uçuşları davam etdirə bilməyəcəklərini bildirməli olduqları halda belə, reysləri yerinə yetirdiklərini etiraf ediblər.

Eyni zamanda, respondentlərin demək olar ki, yarısı həddindən artıq yorğun olduqları barədə məlumat verəcəkləri təqdirdə rəhbərliyin mənfi reaksiyası ilə qarşılaşacaqlarından ehtiyatlanır. İştirakçıların cəmi 11.9%-i çalışdıqları aviaşirkətdə yorğunluq barədə məlumatvermə sisteminə etibar etdiyini bildirib.

Mikroyuxu ilə bağlı ən yüksək göstəricilər İrlandiya və Malta aviaşirkətlərinin pilotları arasında qeydə alınıb. İspaniya, İrlandiya və Fransadan olan pilotlar isə həddindən artıq yorğun vəziyyətdə uçuşları davam etdirdiklərini daha çox etiraf ediblər.

İspaniyada sorğuda iştirak edən hər beş pilotdan ikisi, İrlandiya və Fransada isə təxminən hər üç pilotdan biri belə vəziyyətlərdə uçuşları davam etdirdiyini bildirib. Böyük Britaniyada bu göstərici 10% təşkil edib.

Pilotların yorğunluğu uçuş təhlükəsizliyi üçün ciddi risk yaradır. Bu hal reaksiyanı ləngidə, diqqəti azalda və fövqəladə vəziyyətlərdə düzgün qərar qəbul etməyə mane ola bilər. Yorğunluğun əsas səbəbləri arasında uzun iş saatları, kifayət qədər istirahətin olmaması, qeyri-sabit iş qrafiki və müxtəlif saat qurşaqlarını əhatə edən uçuşlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]