Kitab sərgisinin izdihamı, kitabın tənhalığı
Bu gün, 11:45

Kitab sərgisinə sonuncu dəfə iki il əvvəl getmişəm. Ondan əvvəlki illərdə keçirilən sərgilərin, demək olar ki, əksəriyyətində iştirak etmişəm. Yəni bu mühit mənə yad deyil, nə baş verdiyini uzaqdan müşahidə edib hökm vermirəm. Amma son illər məndə belə bir təəssürat yaranıb ki, kitab sərgisi də tədricən öz mahiyyətini itirərək kitab ətrafında təşkil olunan maraqsız, mənasız bir toplantıya çevrilir.
Əvvəla, sərgiyə toplaşan izdihamın böyük hissəsinin kitabla münasibətinin nə qədər dərin olduğu sual altındadır. Mənə elə gəlir ki, insanların az qala 90 faizi ora oxucu kimi yox, sosial şəbəkə gündəliyinə material toplamaq üçün gəlir. Məqsəd kitablarla tanış olmaq, müəllifləri kəşf etmək, yeni nəşrlər haqqında məlumatlanmaq deyil, bir neçə kadr tutuzdurmaq, şəkil çəkdirmək, videoya düşmək, sonra da həmin görüntüləri paylaşaraq özünü kitabsevər kimi təqdim etməkdir.
Beləcə, kitab sərgisi bir növ sosial şəbəkə dekorasiyasına çevrilir. Kitablar fonda, insanlar ön planda. Bu izdihamı görəndə adam istər-istəməz düşünür ki məgər bizdə oxucu sayı bu qədər artıb? Cəmiyyət olaraq kitaba marağımız belə yüksəlib? Kaş, doğrudan da, belə olaydı. Kaş, sərgilərdəki izdiham kitab mağazalarına, kitabxanalara, mütaliə müzakirələrinə, ciddi ədəbi söhbətlərə də eyni həvəslə daşınaydı. Bəlkə də problem təkcə sərgidə deyil, bütövlükdə bizim mədəniyyətə münasibətimizdədir. Biz bəzən mədəni hadisənin iştirakçısı olmaqdan çox, iştirakçı olduğumuzu göstərməyə həvəsliyik. Oxumaqdan çox kitab oxuyan görünmək, sənətdən zövq almaqdan çox sənət məkanında görünmək, düşünməkdən çox düşündüyümüzü nümayiş etdirmək istəyirik. Belə olanda kitab da öz taleyindən qaça bilmir: oxunmaq üçün yazılır, nümayiş etdirilmək üçün daşınır.
Və sərginin sonunda adamın yadında kitablar yox, şəkillər qalırsa, orada nəyinsə yolunda getmədiyini düşünməyə dəyər.
Gunel Musa
TEREF

