Nədən bizim insanlar kənardan gələn və hazır kimliklər bəxş edən ideoloji propaqandalara tez qucaq açır?

Bu gün, 10:46           
Nədən bizim insanlar kənardan gələn və hazır kimliklər bəxş edən ideoloji propaqandalara tez qucaq açır?
Müstəqil dövlət hələ müstəqil xalq demək deyil. Ölkə bir saatın içində də müstəqillik əldə edə bilər, amma xalq uzun illər müstəmləkəçiliyin komfort zonalarından çıxmaq istəməz.
Servantes, Stendal, Flober, Prust və Dostoyevskinin əsərlərini təhlil edən fransız filosofu Rene Girard “Romantik Yalan və Roman Həqiqəti” kitabında "Mimetik arzu" deyə bir nəzəriyyə irəli sürür. Girard deyir ki, Don Kixot öz fərdi azadlığını tələbə Amadisin bilgilərinə qurban vermiş cəngavərdir.
Onun cəngavərliyinin hədəflərini cəngəvarlər haqqında xeyli roman oxumuş tələbə Amadis təyin edir. Onun yerinə hədəflər qoyub, qərarlar verən bu tələbə Don Kixot üçün cəngavərliyinin komfort zonasıdır. Özü cəhənnəm, nökəri Sanço Panzanı da Amadisin qoyduğu və arzuladığı hədəflərə sürüyür, ona gələcəkdə qubernatoru olacağı bir ada vəd edir.
Girard yazır ki, başqasının arzusunu arzulamaq, ona can atmaq Don Kixotda və Sanço Panzada elə bir şiddətli və daimi hal alır ki, bunu öz iradələrinin istəyi kimi anlayırlar.
Bu üçlü münasibətdə Amadis müstəmləkə idarəçiliyini, Don Kixot icraçı müstəmləkə xalqını, Sanço Pansa isə havayı quyruq yolu gözləyən kütləni təmsil edir.
Biz toplum olaraq indi Don Kixotun vəziyyətdəyik. Uzun illər bizim yerimizə arzulayan, qərarlar verən, hədəflər təyin edən bir müstəmləkəçiliyin yaratdığı komfort zonalardan imtina etməkdə çətinlik çəkirik. İllah bizim yerimizə düşünən, qərarlar verən, kimliklər istehsal edən biriləri olmalıdır.
Eyni zamanda xəyalında, ən azı, qubertantoru olacağı bir ada gözləntisi ilə yaşayan Sançolardan ibarət bir kütləyə də sahibik. Bir sözlə, xırda istisnaları çıxmaqla arzularımız hələ də Girardın ədəbiyyat üzərindən şərh etdiyi başqasının "mimetik arzulardır".
İşin fəlsəfəsindən ayrılıb reallığa qayıdaq.
İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların milli kimliyini kəllə-çarxa çıxarmışdı, bolşevizm, tam əksinə, azərbaycanlıların milli heysiyyatını az qala yox etdi.
Daha sonra bolşevizmin özünün də yerində nəhəng bir ideoloji boşluq qaldı. Bu gün ölkəyə ixrac olunan bütün ideoloji tör-töküntü məhz həmin boşluğu doldurmağa çalışır. Kimin özünə lazım olmayan, hətta zərər görüdüyü nəyi varsa gətirib bizim o ideoloji boşluğa doldurmaq istəyir.
Nə etməli? Sürətlə özümüzə aid hazır kimliklər yaratmalı və bu hazır kimlikləri emosional bir üslubla o boşluqda havayı paylamalı. Milli don kixotlarımızı və sanço panzalarımızı kənardan gələn amadislərin təsirinə düşməkdən məhrum etməli.
Əks halda, bütün milli gicbəsərlərimiz onlara hədəflər qoyan və xəyali bir ada qubernatoru olmağı vəd edən çoxbilmiş bir Amadis tapacaq özünə. Və biz hər dəfə sıfırdan başlamalı olacağıq.
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]