"Saxta mandat, qanlı cinayət və hakim cübbəsinə sığınanlar"
Bu gün, 00:06

Bu gün cəmiyyətin üzləşdiyi reallıq artıq sadəcə qanunsuzluq deyil, bütün sistemin açıq-aşkar gözümüzün önündə çürüməsidir.
Son günlərin ən gurultulu, hər kəsin dilində olan mövzusu – deputatın oğlunun kriminal dairələrlə çirkli əlaqələri, kafedə törədilən qanlı adam öldürülməsi cinayəti məsələnin həddi aşdığını göstərir.
Amma gəlin kökə baxaq, gerçəklikləri maskalamayaq. Həmin deputatın parlamentə hansı yolla, hansı saxtakarlıqlarla "seçildiyi" artıq cəmiyyət üçün heç bir sirr deyil, ictimaiyyətə məlum olan açıq məsələdir.
Saxta yollarla, başqalarının haqqını yeyərək əldə edilən mandatın arxasında dayanan zehniyyətdən başqa nə gözləmək olar?
Təbii ki, bu, tam mənası ilə "saxta deputatın saxta övladı" reallığıdır. Kimsə bu ailədən dürüstlük, qanunauyğunluq gözləməsin. Övlad da ata yolu ilə gedərək cəmiyyətin başına bəla olub.
Ən maraqlı və sual doğuran məqamlardan biri də odur ki, bu qanlı cinayətin baş verdiyi obyekt – restoran iqtisadçı-jurnalist, "P-S Media" şirkətinin rəhbəri və sabiq deputatlığa namizəd Odər Qəniyə məxsusdur.
Ümumiyyətlə, bu məsələdə diqqət çəkən digər acınacaqlı hal odur ki, hər zaman cəmiyyətə peşəkarlıqdan, dürüstlükdən danışan, özünü jurnalist adlandıran bir çox şəxslərin əlində müxtəlif obyektlər, restoranlar var.
Amma maraqlıdır ki, ölkədə nə qədər qaranlıq, qorxunc kriminal hadisələr, qətllər baş verirsə, məhz bu cür "jurnalistlərin" obyektlərində baş verir. İnsan düşünmədən biləmməz: görəsən, bu cür "jurnalistlərin" kriminal aləmlə, qaranlıq dairələrlə gizli bağları nədir ki, bütün cinayətlər məhz onların mülklərində yuva salır?
Ortada qanlı cinayət faktı var. İnsan həyatına son qoyulub, kafedə adam öldürülüb. Amma məsələnin ən dəhşətli, dözülməz və absurd tərəfi odur ki, bu qanunsuzluqlar bataqlığında üzən adamın oğlu... hakimdir! Hüququ qorumaq, ədalət paylamaq funksiyasını daşıyan bir kürsüdə məhz bu zihniyyətin nümayəndəsi oturub.
İndi isə hər kəsi düşündürən və cavabı tələb olunan əsas sual budur: bu hakim kürsüsündə əyləşən şəxs sabah qərar verəndə görəsən kimin üstündən gələcək?
Haqqın, ədalətin, qanunun, yoxsa öz şəxsi maraqlarının və kriminal himayədarlarının?
Bu sual artıq sadəcə bir ehtimal deyil, hər bir vətəndaşın üzləşdiyi real təhlükədir. Belə bir adamın əlində qərar vermək səlahiyyətinin olması cəmiyyətə açıq təhqirdir.
Bundan sonra bu məsələ ilə bağlı atılacaq hər hansı bir addım, veriləcək hər bir qərar dərindən izləniləcək.
Heç kim sanmasın ki, törədilən cinayətlər, saxta yollarla qazanılan toxunulmazlıqlar, arxada gizlənən "jurnalist" obyektləri və hakim cübbəsi arxasında gizlədilən qanunsuzluqlar unudulacaq.
Cəmiyyət artıq hər şeyi görür, hər şeyi başa düşür və bu ədalətsizliyə son qoyulacağı günü gözləyir!
Sima Babayeva

