Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
Bu gün, 09:47

Salyan şəhərinin 20 Yanvar küçəsinin sakinləri üç ildən artıqdır ki, bitmək bilməyən yol problemindən əziyyət çəkirlər.
Bizimesr.info xəbər verir ki, ərazidə aparılan kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt örtüyü bərpa olunmayıb. Nəticədə, xüsusilə yağışlı və çovğunlu havalarda küçə tamamilə palçığa qərq olur, gediş-gəliş iflic vəziyyətinə düşür.
Məktəblilər və təcili yardım yolda qalır...
Sakinlərin sözlərinə görə, acınacaqlı yol şəraiti səbəbindən uşaqları məktəbə aparmaq böyük əziyyətə çevrilib. Ən acınacaqlı məqam isə təcili tibbi yardım avtomobillərinin və digər nəqliyyat vasitələrinin küçəyə daxil ola bilməməsidir. Vətəndaşlar aidiyyəti qurumlardan yolun tez bir zamanda təmir olunmasını və asfalt örtüyünün bərpasını tələb edirlər.
Ən narahatedici məqam isə odur ki, kanalizasiya layihəsinin tam olaraq nə vaxt başa çatacağı və yolun nə zaman tam təmir ediləcəyi ilə bağlı dəqiq tarix verilmir.
Mövzunu diqqətdə saxlayacağıq.
Qeyd edək ki, Salyan rayonunun icra başçısı Rüstəm Xəlilovdur. O, 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin deputatı olub. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2024-cü ildən Salyan rayon İcra Hakimiyyətinin başçısıdır və 68 yaşı var.
Salyan rayonunda yol və diğər infrastruktur layihələrinin həyata keçirilməsində problemlərin olması ilə bağlı vətəndaş müraciətlərinin say çoxluğu göstərir ki, Rüstəm Xəlilovun fəaliyyətində zəiflik var. Rayon sakinlərinin mütəmadi şikayətləri və eləcə də, Salyan rayonunda aparılan işlərlə bağlı məlumatların azlığı da bunun bariz nümunəsidir.

