Yoxa çıxan xəzinə - Stalin qanlı sərvətin miqyasındadan heyrətə gəlib.

Bu gün, 09:44           
Yoxa çıxan xəzinə - Stalin qanlı sərvətin miqyasındadan heyrətə gəlib.
1937-ci ilin yanvarında İosif Stalinin masasının üzərinə “Tam məxfi” qrifi ilə bir məruzə qoyulub.
Sənəddə göstərilən rəqəmlər heyrət doğurub: insanlardan zorla alınan qızıl pulla 108 milyon rubl, platin külçələr, brilyantlar, çar zərbxanasında hazırlanmış minlərlə qızıl sikkə.
SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK ) yeni rəhbəri Nikolay Yejov rəhbərə idarənin aşkar edilmiş gizli anbarları barədə məruzə edib. Henrix Yaqodanın XDİK-in rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından üç ay sonra Yejov xüsusi anbarlarda gizli yoxlama aparıb və maraqlı təfərrüatları üzə çıxarıb.

Lubyankanın zirzəmilərində rəsmi valyuta ehtiyatından əlavə, heç bir sənəddə qeydiyyata alınmamış sərvətlər də saxlanılıb.
Stalinin iri brilyantın şəklinə baxaraq soruşub.
— Bu daşın qiyməti nə qədərdir?
— Üç yüz min qızıl rubl, yoldaş Stalin. Bu, xüsusi dəyərə malik aşkar edilmiş qiymətli daşlardan yalnız biridir.
1937-ci ilin məzənnəsinə görə, bir qızıl rubl təxminən 5,4 müasir ABŞ dollarına bərabər olub.
Beləliklə, həmin brilyantın indiki dəyəri təxminən 1,6 milyon dollar təşkil edib. Stalin sönmüş qəlyanını yazı masasının kənarına vurub.
— Bəs Yaqoda? Bu sərvətlərin mənşəyi barədə nə deyir?
— Keçmiş xalq komissarı iddia edir ki, əsas fond müsadirə edilmiş əmlak, qaçaqmalçılıq və aşkar olunmuş xəzinələr hesabına formalaşıb. Lakin onun sözlərini təsdiqləyən sənədlər yoxdur.
Yejov Stalinin qarşısına daha bir qovluq qoyub:
— Burada XDİK-in təsərrüfat şöbəsi adlı müəmmalı zavodu barədə məlumatlar var. Rəsmi sənədlərdə əlvan metalların emalı ilə məşğul olduğu göstərilir. Lakin istehsal prosesi xüsusi qaydada məxfiləşdirilib. Hətta xüsusi şöbədə belə, tam sənədlər yoxdur.
Təsərrüfat şöbəsinin nəzarəti altında formal olaraq “sənaye artelləri” kimi qeydiyyata alınmış onlarla müəssisə fəaliyyət göstərib. Onların həqiqi fəaliyyəti bu günə qədər sirr olaraq qalıb.
1930-cu illərin əvvəllərində Birləşmiş Dövlət Siyasi İdarəsi-Xalq Daxili İşlər Komissarlığı Avropada çoxsaylı saxta şirkətlərdən ibarət şəbəkə yaradıb.
Bu şirkətlər vasitəsilə yalnız valyuta əməliyyatları aparılmayıb, həm də müdafiə sənayesi müəssisələri üçün avadanlıqlar alınıb. İsveçrə banklarındakı gizli hesablarda yüz minlərlə qızıl rubl saxlanılıb.
— Bəzi əməliyyatların çıxarışları bunlardır, — Yejov bank sənədlərini masanın üzərinə düzüb. — 1936-cı ildə Paris Kommersiya Bankı vasitəsilə 85 milyon Fransa frankı keçirilib. Rəsmi sənədlərdə bu əməliyyatlar “idarənin xüsusi ehtiyacları” kimi göstərilib.
Stalin vərəqləri bir-bir çevrirdikcə XDİK-nin kölgə iqtisadiyyatının mənzərəsi üzə çıxıb. Komissarlığın 1937-ci il üçün rəsmi büdcəsi iki milyon ABŞ dollarından bir qədər çox olub. Lakin bu, bütün mənzərəni əks etdirməyib. Yeni xalq komissarı gizli əməliyyatların yaxşı təşkil olunmuş mexanizmini aşkar edib.
— Bu isə xüsusilə maraqlıdır, yoldaş Stalin, — Yejov Yaqodanın seyfindən götürülmüş qəbzləri ortaya qoyub. - Xaricdə yaşayan ÇK əməkdaşlarının həyat yoldaşlarına “müalicə xərcləri” adı ilə hər ay ödənişlər edilib.
Məbləğlər on minlərlə qızıl rubla çatıb. Bununla belə, bütün alıcılar fəaliyyət göstərən agentura siyahılarında yer alıb.
1920-ci illərin sonlarında Birləşmiş Dövlət Siyasi İdarəsi xaricdəki agentlərinə şifrələnmiş ödənişlər sistemi yaradıb.
Pullar xüsusi xidmət əməkdaşlarının qohumlarına “müalicə müavinəti” adı altında çatdırılıb.
Təkcə 1936-cı ildə bu kanallar vasitəsilə iki milyon qızıl rubldan çox vəsait keçirilib. Ayrıca bir qovluqda qiymətli əşyalarla bağlı materiallar yer alıb.
Nadir daşlar, qədim zinət əşyaları, çar zərbxanasında hazırlanmış qızıl sikkələr — bütün bunlar müsadirələrdən və qaçaqmalçılara qarşı keçirilən əməliyyatlardan sonra xüsusi anbarlarda toplanıb.
Lakin ən maraqlı məlumatlar xarici agenturanın hesabatlarında üzə çıxıb. Bir neçə iri bank əməliyyatının heç bir sənədli əsası olmayıb. Milyonlarla pul Avropa hesablarının labirintində yoxa çıxıb. Kabinetdə bir anlıq səssizlik yaranıb. Stalin yavaş-yavaş pəncərəyə yaxınlaşıb və qarlı həyətə baxıb. Kreml saatının əqrəbləri gecəyarısına yaxınlaşıb.
— Nə təklif edirsən? — deyə o, arxaya çevrilmədən soruşub.
— Bütün qiymətli əşyaları Xalq Maliyyə Komissarlığına təhvil vermək. Xaricdəki hesabları tam yoxlamadan keçirmək. Operativ ehtiyaclar üçün isə yalnız xüsusi nəzarət altında olan, ciddi limitləşdirilmiş fond saxlamaq.
26 yanvar 1937-ci ildə Siyasi Büronun bütün XDİK sərvətlərinin dövlət xəzinəsinə verilməsi barədə məxfi qərar qəbul etdiyi bildirilib. Lakin xarici hesablardakı vəsaitlərin bir hissəsi uçota alınmamış vəziyyətdə qalıb.
Bu söhbətdən bir il sonra XDİK-nin kölgə xəzinəsi sistemi dağılmağa başlayıb. Əsas şahidlər bir-bir yoxa çıxıb.
XDİK-in Leninqrad idarəsinin rəisi, Avropa əməliyyatlarına nəzarət edən Leonid Zakovski özünü güllələyib.
Uzaq Şərq XDİK-in rəhbəri, Asiyadakı maliyyə axınlarına cavabdeh olan Henrix Lyuşkov isə Yaponiyaya qaçıb.
1939-cu ilin aprelində Yejovun özü də həbs edilib. Dindirmələr zamanı o, yalnız bir fikri təkrarlayıb: “Bu sərvətlərin hara yoxa çıxdığını bilmirəm. Hər şey siyahılara uyğun olaraq Xalq Maliyyə Komissarlığına təhvil verilib”.
Lakin siyahılar müəmmalı şəkildə yoxa çıxıb. Eləcə də həmin “xüsusi dəyərli” brilyant və onlarla kiloqram qızıl külçə.
İsveçrə banklarının seyflərində isə 1930-cu illərdə XDİK-in sərəncamları əsasında açılmış “yatmış” hesabların hələ də qaldığı iddia edilib.
Lakin illər sonra, 2008-ci ildə Lubyankadakı binanın yenidən qurulması zamanı inşaatçılar divarın içində hörülmüş seyf aşkar ediblər. Seyfin içərisində 1937-ci ilə aid saralmış bank qəbzi və üzərində II Nikolayın profili olan bir ovuc qızıl sikkə olub.
Ekspertlər qəbzdə göstərilən hesab üzrə vəsaitlərin hərəkətini 1941-ci ilin martına qədər izləyiblər. Sonuncu əməliyyat böyük məbləğin İsveçrə bankına köçürülməsi olub.
Bundan sonra iz itib. Bu gün XDİK-in 1930-cu illərin sonlarındakı kölgə xəzinəsinə dair hesablamalarının müasir pulla 1,2 milyard dollara bərabər olduğu bildirilir.
Bu, yalnız sənədlərlə təsdiqlənə bilən məbləğdir. Sovet xüsusi xidmət orqanlarının maliyyə imperiyasının həqiqi miqyası, ehtimal ki, daha böyük olub.
İsveçrə banklarının məlumatlarına əsasən, 1930-cu illərə aid “yatmış” hesablarda qızıl ekvivalenti ilə təxminən 15 milyon dolların hələ də saxlanıldığı iddia edilir.
Bu vəsaitlərin sahibləri heç vaxt ortaya çıxmayıblar.
İlkin Nəcəf.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]