2027-ci ilin büdcəsi indidən tənqidlə qarşılandi: "Heç bir şəhərin, rayonun özünün vergi yığma sistemi yoxdursa, vergilər, rüsumlar, cərimələr mərkəzi büdcəyə daxil olursa,..."
Bu gün, 00:01

2027-ci ilin büdcəsi parlamentə təqdim edildi, yaxın həftələrdə bu vacib sənədlə bağlı silsilə yazılarım, çıxışlarım, hökumətə suallarım olacaq, amma, rəsmilərin bu sullara cavab verəcəklərini, verə biləcəklərini, açığı, düşünmürəm – onlar monoloq rejimində işləməyə üstünlük verirlər.
İlk diqqətimi çəkən məsələ ictimai rəylə yenə manipulyasiya cəhdləri, güya, “biz iş görürük”, mesajı oldu. Bizlər hökuməti, “regionlar inkişaf etmir, regionlara iqtisadi, ictimai, mədəni fürsətlər dardır, camaat Bakı və Abşerona axışır”, deyə haqlı, arqumentli tənqid edirik deyə, indi hökumət bəyan edir ki, Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq, 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcəklər və bu iddianı, izahsız, metodoloji əsaslandırma olmadan büdcə sənədinə salıblar. Məqsəd də odur desinlər ki, “görürsüz, regionalar o qədər inkişaf edir ki, özləri-özlərini dolandıra bilirlər, büdcəyə yük olmurlar”.
Gələk cavabı da özündə ehtiva edən suallara, hörmətli hökumət üzvləri,:
1) Bir rayonun özü-özünü dolandırması, büdcədən vəsait almaması nə deməkdir? Bu hansı hesablamalara dayanır?!
2) Heç bir şəhərin, rayonun özünün vergi yığma sistemi yoxdursa, vergilər, rüsumlar, cərimələr mərkəzi büdcəyə daxil olursa, “flan rayon özünü maliyyələşdirir”, iddiasının maliyyə dayanıqlığı nədir?!
3) Tutalım, A rayonunda müəllimlər, həkimlər, hüquq-mühafizə, məhkəmə, fövqaladı vəziyyət və s. dövlət-hökumət qurumlarında çalışanlar var – onlar MƏRKƏZİ büdcədən maaş alırlar, yaxşı, bu özünü maliyyələşdirmə deyəndə siz nəyi nəzərdə tutursuz?!
4) Məsələn, B rayonunda böyük infrastruktur layihəsi həyata keçirilir, tutalım, körpü tikilir – onun bütün xərcləri MƏRKƏZİ büdcədən ayrılır, bəs B rayonunun özünü maliyyəşdirməsi iddiasının təməli nə olur o zaman?!
5) Xub, C rayonunda, tutalım, Allah uzaq eləsin, təbii fəlakət olur, dəymiş ziyanın tamamı MƏRKƏZİ büdcədən qarşılanırsa, C rayonu özünü necə maliyyələşdirir?!
Hörmətli hökumət, siz kağız üzərində problemləri “həll” etməyə, təsnifatı dəyişərək, illyuziya yaratmağa çalışırsız, illərdir bunu edirsiz, problemlər isə arta-arta gedir. Bəlkə problemləri etiraf etmək, etiraf etdikdən sonra da həll yollarını müzakirə etmək zamanı çatıb?!
Natig Jafarli
TEREF

