AYNA yenə səni deyirlər... YOLLARA SƏPİLƏN MİLYONLARIN TALEYİ NƏ OLUR?
Bu gün, 02:19

36 MİLYON MANATLIQ MÜQAVİLƏ, DAHA 21,5 MİLYON MANATLIQ YENİ TENDER — BƏS NƏTİCƏ HARADADIR?
2026-cı ildə Azərbaycanda yolların xətlənməsi ilə bağlı on milyonlarla manatlıq satınalmalar ictimaiyyətin diqqətini cəlb edir.
Mətbuatda yayılan məlumata görə, AYNA-nın yol xətlənməsi üzrə müqaviləsinin dəyəri 36 109 663 manatdır. Bundan əlavə, oktyabr ayında 21 547 283,80 manat ehtimal olunan qiymətlə yeni satınalma elan edilib.
Bəs dövlət vəsaiti hesabına görülən işlərin keyfiyyəti necə təmin olunur?
Sabirabaddan təqdim etdiyim fotoşəkillərə baxın! 3 ay öncə rənglənmiş piyada keçidinin zolaqları aşınıb, yol nişanlanması əvvəlki aydınlığını itirib.
Bu vəziyyət aşağıdakı suallara cavab tələb edir:
*- İstifadə olunan materialın növü və keyfiyyəti nədir?
* İşlərin hər kvadratmetri və ya digər ölçü vahidi üzrə qiyməti necə hesablanır?
* Görülmüş işlər hansı keyfiyyət meyarları əsasında qəbul edilir?
* Qısa müddətdə aşınan xətlərə görə podratçı qarşısında zəmanət və ya yenidən icra tələbi qoyulurmu?
* Sabirabadda piyada keçidinin zolaqlarının çəkilməsi üçün 2000 manat göstərildiyi barədə məlumat doğrudurmu? Doğrudursa, bu məbləğ hansı hesablamaya əsaslanır?
AYNA rəhbərliyindən tələb edirəm: müqavilələrin icrası, qiymət hesablamaları, materialların keyfiyyəti və görülmüş işlərin qəbul sənədləri barədə əsaslandırılmış rəsmi açıqlama verilsin.
Mən heç kimi əvvəlcədən ittiham etmirəm. Ancaq dövlət vəsaiti xərclənirsə, nəticə də keyfiyyətli olmalı, ictimaiyyətə hesabat verilməlidir.
MİLYONLAR XƏRCLƏNİR. VƏTƏNDAŞIN HAQLI SUALINA KİM CAVAB VERƏCƏK?
Elman Eliyev
TEREF




