Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...

Bu gün, 11:19           
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? -
Məcburi köçkünlər üçün ayrılan yüz milyonlarla manat dövlət vəsaitinin və Dünya Bankının ayırdığı kreditlərin necə və harada “əridilməsi” ilə bağlı zaman-zaman şok faktlar üzə çıxır.

Keçmiş deputat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucovun və oğlu İsmayıl Orucovun İstanbuldakı çoxmilyonluq daşınmaz əmlak imperiyası barədə yayılan məlumatlar bu zəncirin sadəcə bir halqası hesab olunur.
Lakin kulisdə dolaşan və siyasi təhlilçilərin diqqətini çəkən əsas məqam bu nəhəng kapitalın sadəcə bir sabiq idarə rəisinin şəxsi təşəbbüsü olmamasıdır. Səslənən iddialara görə, Ayaz Orucovun Türkiyədə qurduğu bu nəhəng tikinti və əmlak şəbəkəsi – “Algima İnşaat Gayrimenkul” – əslində zamanında Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev və onun ətrafındakı “köhnə qvardiya”nın Türkiyədəki əsas finans qollarından biridir.

Məcburi köçkünlərin milyardları və Mehdiyev “çətiri”

Hesablama Palatasının hələ 2015-ci ildə apardığı yoxlamalar zamanı Fonddan 170 milyon manatdan çox vəsaitin mənimsənildiyi, üstəlik Neft Fondu və Dünya Bankı tərəfindən ayrılan 900 milyon manatdan artıq vəsaitin talandığı iddia olunurdu. Lakin bu miqyasda korrupsiya cinayətinin qarşılığında cəmi bir neçə kiçik kadrın işdən çıxarılması və töhmətlə canını qurtarması göstərir ki, Ayaz Orucovun arxasında o dövrün toxunulmaz siyasi fiqurları dayanıb.

Siyasi kuluarlarda iddia edilir ki, Ramiz Mehdiyevin kadr şəbəkəsinə daxil olan Orucov mənimsənilən kapitalın böyük hissəsini xaricə – xüsusilə də Türkiyəyə çıxararaq “leqallaşdırıb”. Orucovlar ailəsinə məxsus ət obyektləri, qəssabxanalar və ət emalı təsərrüfatları, eləcə də İstanbulun Avcılar, Şişli, Məcidiyyəköy kimi prestijli rayonlarında yerləşən elit mənzillər, ticarət mərkəzləri, ofislər və Çerkezköydəki fabriklər Mehdiyev qruplaşmasının xaricdəki maliyyə dayaqları rolunu oynayıb.

Şübhəli ittifaqlar: Aydın Abbasov və “anti-Azərbaycan” maliyyə şəbəkəsi

Digər diqqətçəkən iddia isə Ayaz Orucovun son dövrlərdə sabiq Baş nazirin müavini Abbas Abbasovun oğlu Aydın Abbasovla sıx əlaqədə olmasıdır. Rusiyadakı müəyyən dairələrlə və “Milyarderlər İttifaqı” ilə adı hallanan Abbasovlar ailəsi ilə bu cür yakınlıq təsadüfi sayılmır.

Cəzasızlıq sindromu: “Gelandewagen”dən açılan atəşlər

Sabiq deputatın oğlu İsmayıl Orucovun 2013-cü ildə Bakının Azadlıq prospektində “Mercedes Gelandewagen” markalı maşından başqa bir avtomobilə 8 dəfə atəş açması və bu açıq cinayətin tamamilə cəzasız qalması da həmin dövrdəki “Ramiz Mehdiyev toxunulmazlığı”nın bariz nümunəsi kimi göstərilir.

Bütün bu faktlar və ortaya atılan iddialar bir daha göstərir ki, Ayaz Orucovun Türkiyədəki obyektləri və onlarca milyonluq mülkləri sadəcə bir sabiq məmurun varidatı deyil, dövlət büdcəsindən talanaraq xaricə daşınan və müəyyən siyasi qruplaşmaların maraqlarına xidmət edən nəhəng bir “kölgə iqtisadiyyatı”nın parçasıdır.

Qeyd: Yazı dərc olunmazdan öncə həm Ayaz Orucovun, həm də Aydın Abbasovun mövqeyini öyrənməyə cəhd etsək də, əlaqə saxlaya bilmədik. Buna baxmayaraq, adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]