DSMF 6 ildə icarəyə götürdüyü ofis binalarına görə 13 milyon manata yaxın pul ödəyib - Maliyyə Nazirliyi hara baxır?
Bu gün, 15:44

İndi qarşıma çıxdı, ƏƏSM-in Dövlət Sosial Müdafiə Fondu (DSMF) 6 ildə bir sahibkardan icarəyə götürdüyü ofis binalarına görə ona 13 milyon manata yaxın pul ödəyib. Bu vəsaitə Bakıda tam təmirli, avdanlıqlarla təchiz edilmiş 4 ofis binası tikib istifadə etmək olardı.
Yeri gəlmişkən, qanunvericiliyə edilən dəyişikliyə görə, DSMF vətəndaşların maaşından ödədiyi sosial sığorta haqlarından daha 5 faiz götürüb özünün "dayanıqlığını" möhkəmləndirməyə xərcləyəcək. Məsələn, vətəndaş ayda 100 manat DSMF-yə ödəyirsə, onun yalnız 85 manatı qalır, 15 manatını qurum xərcləyir. İndi məlum olur ki, necə xərcləyir...
Məlum olduğu kimi 1 ildən artıqdır, büdcə təşkilatlarında qənaət tələbi ilə kütləvi ixtisarlar aparılır. Dövlət qulluqçuların maaşı, deputatların, yüksək vəzifə tutmuş məmurların, hərbçilərin
pensiya qaydaları dəyişdirilir. Bir sıra islahatlar vacibdir, mən də onu dəstəkləyirəm.
Maliyyə Nazirliyinin qənaət siyasətinə görə hətta sosial xərclərdə ciddi qayçılanmalara gedilir, əlillərin müavinətləri kəsilir, ünvanlı sosial yardımın ünvanını tapmaq olmur. Maraqlıdır, belə bahalı icarə müqavilələri nə əcəb Nazirliyin diqqətindən yayınır?
Onu da vurğulayım ki, mən büdcə vəsaitlərinin dağıdılmasına, əsassız xərclərə qarşıyam, dəfələrlə Hesablıama Palatasının, yaxud medianın üzə çıxardığı korrupsiya faktlarının araşdırılıb cəza tədbirlərinin tətbiq olunmasını zəruriliyi barədə yazmışam. Amma həssas sosial qrupların qənaət siyasətinin hədəfinə çevrilib səfalətə sürüklənməsinin əleyhinəyəm.
Ümid edək ki, Maliyyə Nazirliyi ƏƏSM-ə tabeli qurumlardakı yuxarıda qeyd olunan fantastik icarə müqavilələri ilə bağlı ictimaiyyətin də xəbər tutduğu bir araşdırma edəcək...
Elchin Rustamli
TEREF

