İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Bu gün, 00:09

TRIPP layisəsinin gələcək taleyi bundan sonra daha çox hüquqi mexanizmlərin şəffaflığından, təhlükəsizlik səlahiyyətlərinin dəqiq bölgüsündən və iqtisadi səmərəlilikdən birbaşa asılı ola bilər... Rusiya bu layihəyə ilk növbədə regional təsir və təhlükəsizlik maraqları prizmasından yanaşır, ona görə də, TRIPP-in Cənubi Qafqazda əməkdaşlıq platformasına, yoxsa geopolitik qarşıdurma faktoruna çevriləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır...
Ermənistanın ABŞ ilə strateji əməkdaşlıq çərçivəsində həyata keçirməyi planlaşdırdığı “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə ki, son vaxtlar rəsmi İrəvan bu layihə ilə bağlı müəyyən hüquqi hazırlıq addımları atmağa başlayıb. Ona görə də, bu məsələyə artıq həm Gürcüstandan, həm də təhlükəsizliklə bağlı iddialar irəli sürən Rusiyadan reaksiyalar verilməkdədir. Və bu isə TRIPP-in yalnız nəqliyyat-kommunikasiya layihəsi deyil, həm də geopolitik rəqabət faktorlarından biri olduğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu layihə ilə bağlı rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri ölkə konstitusiyasına uyğun hesab etməsi TRIPP-in həyata keçirilməsi istiqamətində önəmli hüquqi mərhələnin başlanğıcı hesab olunur. Son məlumatlara görə, Paşinyan hakimiyyəti ABŞ ilə ortaq reallaşdırılacaq TRİPP üzrə çərçivə sazişinin ratifikasiyası ilə bağlı xüsusi qanun layihəsini də artıq parlamentə təqdim edib. Həmin çərçivə sazişi 2026-cı il iyunun 1-də Ağ Ev-də, iyunun 4-də isə İrəvanda imzalanmışdı. Ermənistan hökuməti isə bu sənədin ratifikasiyası ilə bağlı qanunvericilik təşəbbüsünü də təsdiqləyib.
Təbii ki, rəsmi İrəvan tərəfindən atılan bu addımlar layihənin siyasi razılaşmadan hüquqi və institusional icra mərhələsinə keçirildiyini göstərir. Çünki bu məsələdə parlamentdə ratifikasiya prosesi və icra mexanizmləri də ayrıca əhəmiyyət daşıyır. Belə ki, TRIPP ətrafındakı mübahisələrin əsas istiqamətlərindən biri də məhz Rusiyanın bu layihənin Ermənistanın suverenliyinə mümkün neqativ təsirləri ilə bağlı iddialarıdır. Kreml hesab edir ki, Ermənistanın cənubunda nəqliyyat-kommunikasiya xətlərinin inkişafı üçün TRİPP-ə alternativlər də mövcuddur. Və Rusiya vaxtilə keçmiş SSRİ dövründə mövcud olmuş Zaqafqaziya dəmir yolunun Meğri hissəsinin bərpasını mümkün variantlardan biri kimi ön plana çəkməyə çalışır.
Ancaq Rusiyanın Ermənistana bu logistika layihəsi ilə bağlı sərt etirazları yalnız iqtisadi mövzularla məhdudlaşmır. Kremlin iddiasına görə, TRIPP çərçivəsində ABŞ-la ortaq yaradılması nəzərdə tutulan şirkət gələcəkdə Ermənistan üçün olduqca ciddi problemlər törədə bilər. Rusiya siyasi dairələrinin əsas arqumentləri həmin ortaq şirkətdə ABŞ-ın 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması ilə bağlıdır. Nə qədər qəribə də olsa, Kreml israrla rəsmi İrəvana xəbərdarlıq edir ki, belə paylaşdırılma nisbəti Ermənistanın TRİPP layihəsinin idarə olunmasına təsir imkanlarını məhdudlaşdıraraq, minimuma endirəcək.
Maraqlıdır ki, Kreml və rəsmi İrəvan arasındakı digər mübahisəli məsələ isə TRİPP layihəsi üzrı hüquqi yurisdiksiyadır. Rusiya siyasi dairələri əmindir ki, gələcəkdə bu layihə ilə bağlı bütün hüquqi mübahisələr məhz ABŞ qanunvericiliyi əsasında həll ediləcək. Kreml bunu Ermənistan ərazisində ABŞ-ın hüquq sisteminin bərqərar olma təhlükəsi kimi qiymətləndirir.
Ancaq bu iddialar hələlik yalnız Rusiyanın siyasi-hüquqi mövqeyidir. Yəni, ortaq şirkətin idarəetmə strukturu, tətbiq ediləcək hüquq normaları və iştirakçı tərəflərin səlahiyyətləri barədə daha düzgün nəticə çıxarmaq üçün sazişin və icra sənədlərinin konkret müddəaları nəzərdən keçirilməlidir. Halbuki, Kreml logistika marşrutunun mühafizəsində müəyyən hissənin yeni yaradılacaq şirkətə həvalə edilməsinin ABŞ-ın Cənubi Qafqazın təhlükəsizlik sistemində iştirakını genişləndirə biləcəyindən narahatdır. Çünki Rusiya ABŞ-ın özəl hərbi şirkətlərinin və digər təhlükəsizlik strukturlarının Ermənistanın cənubunda fəaliyyət göstərmə ehtimalını yolverilməz hesab edir.
Digər tərəfdən, Rusiyanın israrlı müqavimətinə baxmayaraq, bu logistika marşrutunun Ermənistanın Zəngəzur (Sünik) bölgəsindən, Azərbaycanla Naxçıvan arasında nəqliyyat-kommunikasiya əlaqəsinin yaradılması nəzərdə tutulan ərazidən keçməsi TRİPP layihəsinin regional əhəmiyyətini ciddi şəkildə artırır. Üstəlik, marşrutun İran sərhədinə yaxınlığı isə məsələni rəsmi Tehran, Ağ Ev və Kremlin maraqlarının kəskin toqquşduğu geopolitik müstəviyə daşıyır. Bu baxımdan, TRIPP-in regional nəqliyyat-kommunikasiya sisteminə təsiri ilə bağlı Gürcüstanın mövqeyi isə Rusiyanın narahatlıqlarından ciddi şəkildə fərqlənir.
Məsələ ondadır ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze TRİPP layihəsi ilə Ermənistan üzərindən yaradılacaq yeni marşrutun bu ölkənin ənənəvi nəqliyyat-kommunikasiya dəhlizləri üçün elə bir ciddi problem təşkil etməyəcəyini bildirib. Belə ki, rəsmi Tiflisin yanaşma tərzinə görə, “yük axınları”nın genişlənməsi yeni infrastrukturun yaradılmasını və alternativ marşrutların inkişafını birmənalı şəkildə zəruri edir. Və bu baxımdan, rəsmi Tiflis tərəfindən TRIPP layihəsi Gürcüstan üzərindən mövcud olan dəhlizlərə birbaşa təhlükə deyil, əksinə, Cənubi Qafqaz regionunun tranzit imkanlarının daha da genişlənməsi prosesinin tərkib hissəsi kimi qəbul olunur.
Göründüyü kimi, TRIPP layisəsinin gələcək taleyi bundan sonra daha çox hüquqi mexanizmlərin şəffaflığından, təhlükəsizlik səlahiyyətlərinin dəqiq bölgüsündən və iqtisadi səmərəlilikdən birbaşa asılı ola bilər. Rusiya bu layihəyə ilk növbədə Cənubi Qafqazda regional təsir və təhlükəsizlik maraqları prizmasından yanaşır. Ona görə də, TRIPP-in Cənubi Qafqazda regional əməkdaşlıq platformasına, yoxsa geopolitik qarşıdurma faktoruna çevriləcəyini indidən demək bir qədər çətindir.
Böyük ehtimalla bu prosesdə həlledici məqam sazişin icrası, suverenlik təminatları və marşrutun region üçün real iqtisadi faydası ilə bağlı olacaq. Bu baxımdan, Ermənistanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma" və ABŞ-ın “Zəngəzur planı” Cənubi Qafqazı Rusiya üçün əlçatmaz edə bilər. Və bu, o deməkdir ki, yaxın vaxtlarda Rusiyanın TRİPP layihəsi ilə bağlı Ermənistana qarşı müəyyən sərt geopolitik manevrlər edə biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"

