İnsan psixologiyasına ən mənfi təsir edən rəng hansıdır?

Bu gün, 11:34           
İnsan psixologiyasına ən mənfi təsir edən rəng hansıdır?
Rənglər insanın əhvalına və psixoloji vəziyyətinə təsir göstərə bilər. Məsələn, mavi sakitlik, qırmızı həyəcan, yaşıl isə rahatlıq hissi ilə əlaqələndirilir. Boz rəng isə ciddilik və sabitlik rəmzi hesab olunur.
Rənglərin insan psixologiyasına həm müsbət, həm də mənfi təsirləri ola bilər. Psixoloqların fikrincə, məsələn, mətbəxin qırmızı rəngə boyanması insanda daha çox yemək istəyi yarada bilər. Bəs, rənglərdən hansı insan psixologiyasına daha mənfi təsir göstərir?

Bizimyol.info xəbər verir ki, Avstraliya hökuməti istehlakçı davranışına rənglərin təsirini araşdırmaq qərarına gəlib. Araşdırma şirkəti GfK ən az bəyənilən rəngi müəyyənləşdirmək və ondan siqaret qutularının dizaynında istifadə etmək məqsədilə tədqiqat aparıb.

Üç ay davam edən araşdırmanın nəticəsində dünyanın ən çirkin rəngi kimi “yaşıla çalan palçıqlı qəhvəyi” rəng seçilib. Bu rəngin Pantone 448 C kodu ilə tanındığı bildirilib.

Araşdırmada iştirak edən 1000-dən çox siqaret çəkəndən rəngi gördükdə hansı hissləri keçirdikləri soruşulub. İştirakçılar rəngi “kir”, “ölüm” və “zülmət” kimi ifadələrlə təsvir ediblər. (Technote.az)

Niyə bəzi rənglər insanlarda ikrah və mənfi hisslər yaradır?

Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına bildirib ki, rənglərin insan psixologiyasına təsiri kifayət qədər maraqlı və mürəkkəb mövzudur: “İnsanların bəzi rənglərə qarşı ikrah, narahatlıq və ya xoşagəlməz hisslər keçirməsinin bir neçə səbəbi var.

Psixoloq deyir: “İlk növbədə, burada insanın şəxsi təcrübəsi, xatirələri, emosional vəziyyəti və rənglərlə bağlı formalaşmış assosiasiyaları mühüm rol oynayır.

Məsələn, müəyyən bir rəng insana xoşagəlməz bir hadisəni, xəstəliyi, çirki və ya təhlükəni xatırlada bilər.

Bu zaman həmin rəngin özü deyil, onun insanda yaratdığı assosiasiya mənfi emosiyalara səbəb olur. Bəzi rənglər isə təbiətdə çürümə, kif, palçıq və ya digər xoşagəlməz görüntülərlə əlaqələndirildiyindən insanda instinktiv ikrah hissi yarada bilər.

Dediyiniz məsələ isə Avstraliyada siqaret qutularının dizaynı ilə bağlı aparılan araşdırmada seçilən Pantone 448 C rənginin isə məhz Palçıqlı qəhvəyi və ya yaşılımtıl-qəhvəyi çalara malik olmasi bu rəngin bir çox insanda çirk, çürümə və xoşagəlməzlik assosiasiyası yarada bilər. Lakin bunu bütün insanların həmin rəngə eyni cür reaksiya verdiyi kimi başa düşmək olmaz”.

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, rənglərin psixoloji təsirini birmənalı şəkildə qiymətləndirmək düzgün deyil: “Məsələn, qırmızı rəng bir insanda həyəcan və gərginlik yarada bildiyi halda, digərində enerji və canlılıq hissi oyada bilər. Eyni qaydada, tünd rənglər bəzilərində kədər və ağırlıq hissi yaratsa da, başqaları üçün sakitlik, ciddilik və güvən rəmzi ola bilər”.

Zeynəb Əyyubovanın fikrincə, burada mədəniyyətin, yaşın, fərdi xüsusiyyətlərin və insanın hazırkı emosional vəziyyətinin də rolu var: “Rəngin insan üzərində yaratdığı təsir təkcə onun fiziki xüsusiyyətlərindən deyil, həm də hansı mühitdə təqdim olunmasından, ba rənglərlə uyğunluğundan və insanın həmin rəngə hansı məna verməsindən asılıdır”.

“Bir məqamı da qeyd etmək vacibdir: elmi baxımdan bütün insanlar üçün universal şəkildə ən mənfi və ya psixologiyaya ən çox zərər verən bir rəng müəyyən edilməyib. Hər hansı rəngin xoşagəlməz hesab olunması onun insanın psixoloji sağlamlığına mütləq zərər verdiyi mənasına gəlmir”, - deyə psixoloq vurğulayıb.

Zeynəb Əyyubova əlavə edib: “Rənglər emosional vəziyyətimizə təsir göstərə bilər, lakin bu təsir fərdi və situativ xarakter daşıyır. Əsas məsələ rəngin özündən daha çox, onun insanda hansı hissləri, xatirələri və düşüncələri oyatmasıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]