ABŞ-də botoksa xərclədikləri pula görə kişilər qadınları geridə qoyublar

Bu gün, 15:44           
ABŞ-də botoksa xərclədikləri pula görə kişilər qadınları geridə qoyublar
Kişilər botoks prosedurlarına qadınlardan daha çox pul xərcləyirlər və aradakı fərq getdikcə artır.

"The Wall Street Journal" nəşri xəbər verir ki, bu barədə "Guidepoint Qsight" analitik şirkətinin estetik tibb üzrə baş vitse-prezidenti Erika Şeyn məlumat verib.

Onun sözlərinə görə, kişilərə botoks və ya digər neyrotoksinlərin daha çox miqdarı tələb olunur. Bunun səbəbi prosedurun tətbiq edildiyi nahiyənin daha geniş, alın əzələlərinin isə daha güclü olmasıdır.

Estetik tibb bazarı ilə bağlı məlumatların toplanması üzrə ixtisaslaşan şirkətin hesabatına əsasən, 2026-cı ilin üçüncü rübündə ABŞ-də kişilər bir botoks proseduruna orta hesabla 529 dollar xərcləyiblər. Bu, son beş ilin ən yüksək göstəricisidir. Qadınların bir prosedura çəkdiyi orta xərc isə 455 dollar olub.

Hesabatda kişilərin inyeksiyaları bədənin hansı nahiyələrinə etdirdikləri dəqiqləşdirilmir. 2022-ci ildə kişilər bu prosedurlara qadınlardan 19.6% daha çox pul xərcləyiblər. Sonrakı illərdə fərq azalsa da, son vaxtlar yenidən artmağa başlayıb.

Şeynin sözlərinə görə, kişilər və qadınlar təxminən dörd aydan bir inyeksiya etdirirlər. Bununla yanaşı, kişilərin estetik təbabətə marağı artır. Botoksdan əlavə, onlar saç əkimi və bədən formasının korreksiyası prosedurlarına da müraciət edirlər.

Bir neçə il əvvəl müğənni və aktyor Co Jonas "Merz" şirkətinin "Xeomin" preparatının siması olub. Ötən il televiziya aparıcısı Endi Koen də əvvəlcə tərəddüd etsə də, botoks etdirdiyini etiraf edib.

"The Wall Street Journal"ın məlumatına görə, bu cür prosedurlara ən çox X nəslinin və millenialların nümayəndələri müraciət edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]