Fillərin yandırılması - 73 günlük mühasirə
Bu gün, 12:04

359-cu ildə Sasani hökmdarı II Şapur imperator Romanın şərq sərhədində yerləşən möhkəmləndirilmiş Amid (müasir Diyarbəkir) şəhərinə hücum etdi. Şəhər 73 günlük mühasirədən sonra süqut etdi.
Roma ordusunun zabiti Ammian Marsellin əsərində mühasirəni ətraflı təsvir etmişdir. O, mühasirənin canlı şahidi olmuşdur.
II Şapur hakimiyyətə gəldikdən sonra vaxtilə Roma imperiyasına güzəştə gedilmiş əraziləri geri qaytarmağa çalışdı. Cənubda ərəbləri (köçəri ərəb tayfaları) məğlub etdikdən sonra o, təxminən on il ərzində xionitlər (Mərkəzi Asiya tayfaları) adlanan tayfalara qarşı mübarizə aparmalı oldu.
Nəhayət, II Şapur şərq sərhədlərinin təhlükəsizliyini təmin edərək onları tabe etdi. Sülh bağlamağa məcbur olan xionitlərin hökmdarı Qrumbat romalılara qarşı müharibədə Şapurun müttəfiqinə çevrildi.

Şapurun ilkin planı alınmaz qala-şəhərlərdən yan keçərək birbaşa Suriyaya doğru irəliləmək idi. Lakin əsas qüvvələr Amidə yaxınlaşdıqda Sasaniləri şəhərə hücum etməyə vadar edən bir hadisə baş verdi.
Roma qarnizonundan atılan ox atəşi nəticəsində qalanın müdafiə xəttini yoxlayan Qrumbatın oğlu həlak oldu.
Ammian Marsellin oğlunun ölümündən qəzəblənən Qrumbatın romalılardan qisas tələb etdiyini və bu itkini Troya müharibəsində Patroklun ölümü ilə müqayisə etdiyini yazır.
Mühasirə 73 gün davam etdi. II Şapur şəhəri bir neçə dəfə həmlə ilə almağa cəhd etsə də, hər dəfə uğursuzluğa düçar oldu.
Mühasirənin əvvəlində 70 nəfərlik seçmə Sasani oxatan dəstəsi romalı bir xainin bələdçiliyi ilə Dəclə sahilində — şəhərin cənub tərəfində yerləşən qüllələrdən birinə sızdı. Oxatanlar II Şapurun şəhər xaricindən başladığı ümumi hücumla eyni vaxtda içəri doğru sərrast atəş açmağa başladılar. Lakin oxları tükəndikdən sonra romalılar qülləyə əks-hücum edərək onu geri aldılar və dəstəni məhv etdilər. Eyni zamanda, divarlara edilən ardıcıl həmlələr qarnizon tərəfindən dəf olundu və Sasani mühasirə qüllələrinin əksəriyyəti yandırıldı.
Mühasirə əsnasında Amiddə vəba epidemiyası baş qaldırsa da, on gündən sonra yağan yüngül yağış xəstəliyin yayılmasının qarşısını aldı.
Əməliyyatda süvari qüvvələri mühüm rol oynayırdı. Şəhərin şimalında Alban süvariləri, qərbində saklar, şərqində xionitlər, cənubunda isə II Şapur və onun şəxsi qvardiyası yerləşdirilmişdi.
Şəhərin qərb tərəfində həmçinin döyüş fillərindən istifadə edilirdi. Rəvayətə görə, romalılar fillərin üzərinə yandırıcı maddələr ataraq onları geri çəkilməyə məcbur etmişdilər. Ammian Marsellin II Şapur və süvarilərinin darvazalara hücumlarını təsvir edərkən şahənşahın müdafiəçilərə təhlükəli dərəcədə yaxın məsafədə vuruşduğunu xüsusi vurğulayır.
Bütün mühasirə qüllələrinin Romanın «əqrəb» (skorpion) tipli atıcı qurğuları ilə məhv edilməsinə baxmayaraq, Sasanilər divarlara doğru hündür torpaq kurqanlar (təpələr) ucaltmağa nail oldular. Romalılar da öz növbəsində şəhərin içərisində daha hündür kurqanlar qaldıraraq aşağıdakı düşmən mövqelərini daş və ox atəşinə tutdular.
Lakin romalıların quraşdırdığı bu müvəqqəti qüllələrdən biri Sasani atıcı maşınlarının aramsız zərbələrinə tab gətirməyərək uçdu. Beləliklə, Sasanilər torpaq kurqanlarını divarlarla birləşdirərək qalanın üstünə çıxmağı bacardılar.
Şapurun ordusu nəhayət çoxdan bəri can atdığı qalaya daxil oldu və bu inadkar müqavimətin əvəzini amansız bir qırğınla çıxdı. Qalanın müdafiə rəhbəri sağ qalmış digər yüksəkrütbəli zabitlərlə birlikdə çarmıxa çəkildi.
Şəhər ələ keçirildikdən sonra Roma komandanlığının əksəriyyəti edam edildi, Amid talan olunaraq dağıdıldı, sağ qalan əhali isə Sasani imperiyasının Xuzistan vilayətinə sürgün edildi.
Payız çatdıqda Sasani ordusu artıq irəliləyə bilmədi. Bütün hərbi yürüş mövsümünü tək bir qalanın fəthinə sərf edən II Şapur mühasirədə 30 000-ə yaxın döyüşçü itirdi. Üstəlik, ağır itkilərdən narazı qalan şərqli müttəfiqləri də onu tərk etdilər.
Gülnar Abbasova

