Pekin uzun illər davam edən liberallıqdan sonra varlı çinliləri hədəfə alıb - "Reuters"

Bu gün, 00:01           
Pekin uzun illər davam edən liberallıqdan sonra varlı çinliləri hədəfə alıb - "Reuters"
Çində nisbi maliyyə liberallığı dövrü, görünür, sona yaxınlaşır. Ölkənin ən varlı vətəndaşları yeni qanunun tətbiqinə hazırlaşarkən ofşor trastları bağlamağa, səhmlərini satmağa və hətta vergi statuslarını dəyişməyə başlayıblar. Yeni qaydalar onların vergi yükünü əhəmiyyətli dərəcədə artıracaq.

Qaynarinfo-nun məlumatına görə, "Reuters" hüquqşünaslara, maliyyə məsləhətçilərinə və vəziyyətdən xəbərdar olan digər şəxslərə istinadən xəbər verir ki, Pekinin yeni tələbləri Çin vətəndaşlarını ofşor trastlardan əldə etdikləri gəlirləri bəyan etməyə məcbur edir.

Pekin iyulun sonunda müvafiq bəyannamələrin təqdim edilməsi üçün son tarixi müəyyənləşdirib – 22 oktyabr. Gəlirlər 20 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu isə varlı vətəndaşları təcili şəkildə vergi öhdəliklərini qiymətləndirməyə vadar edib.

"Boston Consulting Group"un hesablamalarına görə, çinlilərin ofşorda saxladığı aktivlərin həcmi təxminən 1,7 trilyon dollardır. Bu cür trastlar xüsusilə səhmləri xarici birjalarda satılan iri Çin şirkətlərinin əsas səhmdarları arasında populyardır.

"Reuters"in yazdığına görə, vergi orqanları potensial vergi ödəyicilərini "Hurun" var-dövlət reytinqləri, korporativ hesabatlar və digər açıq məlumatlar əsasında müəyyənləşdirirlər. Bəzi bölgələrdə bəyan edilməmiş gəlirləri aşkar etmək üçün xüsusi qruplar yaradılır.

Yeni qaydalar ən çox səhmləri Honkonq və ABŞ-da birjalarda yerləşdirilən şirkətlərin təsisçilərinə təsir göstərə bilər. "JLT Legacy Group" şirkətinin baş direktoru Oskar Lunun sözlərinə görə, onların bir çoxu 2014–2020-ci illərdə səhmlərin dəyərinin ən yüksək olduğu dövrdə trastlar vasitəsilə səhmlərini satıb.

"Biz hesab edirik ki, ayrı-ayrı hallarda ödənilməli verginin məbləği bir neçə milyon yuandan yüz milyonlarla, hətta milyardlarla yuana çata bilər", deyə Liu bildirib.

Yeni tələblər artıq aktiv sahiblərini vergi ödəmək üçün vəsait axtarmağa məcbur edir. Nəşrin məlumatına görə, texnologiya sahəsində fəaliyyət göstərən milyarderin ailələrindən biri səhmlər portfelinin təxminən yarısını satır.

Banklar da varlı müştərilərə vergi ödənişlərini həyata keçirmək üçün kredit verməyə başlayıblar. Bunun müqabilində həmin şəxslərin şirkətlərinin səhmləri girov kimi qəbul edilir.

Qaydalarla bağlı qeyri-müəyyənlik qalır

Bununla yanaşı, hüquqşünaslar yeni qaydaların qeyri-müəyyənliyinə diqqət çəkirlər. Xüsusilə vergi öhdəliklərinin nə qədər uzaq tarixə şamil edilə biləcəyi və vergi ödəyicisinin Çinlə əlaqəsinin necə müəyyənləşdiriləcəyi aydın deyil.

Varlı ailələrə məsləhət verən "Charles Russell Speechlys" hüquq firmasının tərəfdaşı Vey Kanın sözlərinə görə, yeni qanunun bəzi müddəalarının dəqiqləşdirilməsinə ehtiyac var.

"Şeytan detallarda gizlənir", deyə hüquqşünas bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]