Tehranın “proksi qüvvələrə” verdiyi dəstək Pekini əsla narahat etmir. Buna baxmayaraq, Pekin Tel-Əvivlə dialoqdan imtina etmir.

Bu gün, 00:03           
Tehranın “proksi qüvvələrə” verdiyi dəstək Pekini əsla narahat etmir.
İsrail Prezidenti İsxak Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirakla yanaşı bir neçə ikitərəfli görüş də keçirib. İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Bakıdakı sammitə qatılan Çinin xarici işlər naziri Vanq Yi ilə də görüşərək onunla fikir mübadiləsi aparıb.
İsrail Prezidenti Çinin xarici işlər naziri ilə Bakıda keçirdiyi görüşü müsbət qiymətləndirdiyini bildirib. Halbuki, Vanq Yinin Yaxın Şərqdəki vəziyyətlə bağlı iradı İsrail Prezidentinin xoşuna gələ bilməzdi. İsxak Hersoq İsrailin bölgədə sülh istəməsi və İranın təhdidləri barədə Vanq Yi məlumat versə də, çətin ki, bu sözlər Çinin xarici işlər nazirin mövqeyinin dəyişməsinə səbəb olub. Van Yi İsxak Hersoqla görüşdə İsrailin dövlət başçısına onun atası Haim Hersoqun fikirlərini xatırladıb, Haim Hersoq 1983-1993-cü illər arasında İsrailin 6-cı prezidenti olub. Vanq Yi bildirib ki, İsrailin hazırki Prezidentinin atası ölkəsinin Çinlə diplomatik münasibətlərin qurulmasına kömək edib və Çinə səfər edən ilk İsrail prezidenti olub. Vanq Yi bunu müsbət hal kimi qiymətləndirdikdən sonra keçib əsas mövzuya. Çinin xarici işlər naziri xatırladıb ki, Haim Hersoq danışıqların və güzəştlərin tərəfdarı idi: “İsrailin keçmiş Prezidenti danışıqların əksər hallarda əhəmiyyətli nailiyyətlər və uzunmüddətli etimada gətirdiyini bildirirdi”.
Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib. Ancaq məsələ burasındadır ki, İsrailidə əsas səlahiyyət sahibi baş nazirdir, o isə Fələstin və Qəzza məsələsində Çinin xarici işlər nazirinin eyham vurduğu güzəştin əleyhinədir. İsrail Çinin İrana dəstək verdiyinin fərqindədir və elə ona görə, İsxak Hersoq Van Yiyə onu da deyib ki, İranın müxtəlif ölkələrdə “proksi qüvvələrə” verdiyi dəstək bölgədə gərginliyin artmasına xidmət edir. Tehranın “proksi qüvvələrə” verdiyi dəstək Pekini əsla narahat etmir. Buna baxmayaraq, Pekin Tel-Əvivlə dialoqdan imtina etmir. İsrail Prezidentinin Bakıda Çinin xarici işlər naziri ilə görüşü buna sübutdu
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]