Ramiz Mehdiyevin adamı işsiz qalmadı - NAZİR ONA YÜKSƏK VƏZİFƏ VERDİ
Bu gün, 10:08

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin Marketinq və yeni məhsullar şöbəsinin müdiri Rza Mirzadə vəzifəsindən ayrılıb. 2018-ci ildən bu şirkətdə çalışan R.Mirzadə bir müddət öncə işdən çıxıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının birində direktor vəzifəsində fəaliyyətə başlayıb. Belə ki, o, yeni vəzifəsində nazirliyin tabeliyindəki qurumların birinin əməkdaşı olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunda fəaliyyət göstərəcək.

Qeyd edək ki, mətbuatda “Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunaraq məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. Qeyd edilir ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “Şərq-Qərb” ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.

