Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir

Bu gün, 09:26           
Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin keçirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsinə və Asiya ölkələri ilə münasibətlərinin inkişafına mühüm töhfə verəcək. Bu töhfələr olduqca əhəmiyyətlidir.
Bu gün Azərbaycan artıq orta güc kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir. Ölkəmizin dünyada nüfuzu getdikcə artır, Azərbaycan mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, siyasi əlaqələrinin genişlənməsinə və ümumi inkişafına öz töhfəsini verir.
Azərbaycan bütün istiqamətlərdə öz imkanlarını və beynəlxalq əməkdaşlıq potensialını genişləndirir. Bu da öz növbəsində dövlətlərarası münasibətlərin inkişafına, qarşılıqlı etimadın və həmrəyliyin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib: BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. “İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlətimizin başçısı müharibənin bizim seçimimiz olmadığını bildirərək deyib ki, bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Dövlətimizin başçısı sammitdəki çıxışında qeyd edib: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür”.
Oktyabrın 15-də Bakıda müxtəlif ölkələrin prezidentlərinin və çoxsaylı xarici qonaqların iştirakı Azərbaycanın beynəlxalq əhəmiyyətini, diplomatik imkanlarını və dövlətimizin gücünü bir daha nümayiş etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və ölkəmizin nüfuzunun artmasına mühüm töhfə verir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]