Avropa ölkəsi qarışdı: paytaxta od vuruldu – FOTOLAR
Bu gün, 00:10

Albaniyanın paytaxtı Tiranada tələbə etirazçılarla polis arasında toqquşmalar artıq üçüncü gündür davam edir.
Globalinfo.az bildirir ki, “Associated Press” agentliyinin məlumatına görə, nümayişçilər təhsil islahatları aparılmasını istəyir, hökumətin siyasətinə və ölkənin cənubunda inşa olunması planlaşdırılan lüks kurort layihəsinə etiraz edirlər.
Gənclər Təhsil Nazirliyinin binası qarşısında polis səddini daşqalaq ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları buna gözyaşardıcı qaz və su şırnaqları ilə cavab veriblər. Bir neçə nümayişçi saxlanılıb.
Tələbələr “Flaminqo hərəkatı”na qoşulublar. Hərəkatın iştirakçıları Baş nazir Edi Ramanın istefasını tələb edir, həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli investisiya şirkətinin iştirak etdiyi lüks kurort layihəsinə qarşı çıxırlar.
Tirananın mərkəzində keçirilən və minlərlə insanın qatıldığı yürüşlərə məktəblilər də qoşulublar.
Baş nazir Edi Rama yanmış kollec binasının fonunda videomüraciət yayımlayıb. O, siyasi rəqiblərini zorakılığı qızışdırmaqda ittiham edib və Albaniyanın Avropa İttifaqına inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirmək üçün vəzifəsində qalacağını bildirib.
“Heç kim Albaniyanı boğa bilməyəcək. Qanunların ona şamil olunmadığını düşünən hər kəs yanılır”, – Baş nazir vurğulayıb.
Müxalifətdəki Demokratik Partiya tələbələri dəstəkləyib və Ramanı növbədənkənar seçkilərə hazırlıq məqsədilə müvəqqəti hökumət formalaşdırmağa çağırıb. Ramanın rəhbərlik etdiyi Sosialist Partiyası ötən il ardıcıl dördüncü dəfə parlament seçkilərində qalib gəlib. Növbəti parlament seçkilərinin 2029-cu ildə keçirilməsi nəzərdə tutulur.
Lüks kurort layihəsinə qarşı etirazlar iyunun əvvəlində, ekoloji baxımdan həssas sahil zonasında hazırlıq işlərinə başlanmasından sonra başlayıb. Zaman keçdikcə nümayişçilər ölkə sahillərində genişmiqyaslı tikintiyə və qorunan təbiət əraziləri haqqında qanuna dəyişikliklərə də etiraz etməyə başlayıblar.
Rama layihəni “son dərəcə mühüm investisiya” adlandırıb və onun həyata keçirilməsinin dayandırılmayacağını bildirib.



