Buğdanın qiyməti dayanmadan yüksəlir: Un və çörək məmulatlarının yenə bahalaşması ehtimalı var
Bu gün, 00:11

Qara dəniz bölgəsində uzun müddətdir davam edən gərginlik dünya bazarında buğdanın yalnız bahalaşmasına səbəb olur. “Trading Economics”in məlumatlarına əsasən, ilin əvvəlindən qiymətlər 37 faiz yüksəlib. Təkcə sentyabrda 6,3 faiz bahalaşma olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi platformasında tendensiyanın oktyabrda da davam etdiyi yazılıb.
Bizimyol.info xəbər verir ki, buğdanın qiymətini sabit saxlamaq cəhdləri az olmayıb. Qara dənizdə ixrac marşrutlarının tam bağlanmaması və ticarətin bərpası üçün çoxsaqlı danışıqlar aparılıb. Amma bütün bunlar nəticəsiz qalıb. Hələ də liman və ticarət gəmilərinə hücumlar olur. Son vaxtlar belə hücumlar intensivləşib. Qlobal ehtiyatlar sürətlə azalır. İxracatçı ölkələrin ümumi buğda ehtiyatları son illərin ən aşağı səviyyəsinə düşüb. Avropanın bir sıra ölkələrində qeydə alınan quraqlıq və anormal istilər də işin zərərinə işləyib.
Proqnozlar yenə nikbin deyil. Çünki qiymətlərin dəyişməsinin təkcə Qara dəniz bölgəsində baş verənlərdən asılı olmadığı məlumdur. İri idxalçılar da tələbatı artır. Məsələn, Səudiyyə Ərəbistanı və Misir haqqında bunu demək olar. Yəni yaxın aylarda ucuzlaşma olmayacaq. Deməli, Azərbaycanda da un və çörək məmulatlarının bahalaşması ehtimalı həmişə var.
Əslində, son illər bu istiqamətdə qiymətlər çox yüksəlib. İdxaldan ciddi asılılıq qiymət sabitliyinə imkan vermir. Xüsusilə son 5-6 ildə çörək məmulatlarının 3 dəfəyə qədər bahalaşması faktı var.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə 841 min 677,9 ton buğda idxal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz (və ya 81,7 min ton) çoxdur. Keçən il buğda idxalının həcmində daha böyük sıçrayış olmuşdu. İdxaldan belə asılılıq qiymətlərdə özünü göstərməyə bilməz. Hər şeydən əvvəl özünütəminat səviyyəsi yüksəlməlidir. Əkin sahələrindən düzgün istifadə, müasir texnologiya həllərinə müraciət vəziyyəti yaxşılığa doğru dəyişə bilər. Əks halda un və çörək məmulatlarının qiymətləri daha böyük sürətlə artacaq.
bizimyol

