Misirdə evin qarşısında Ramzesin heykəlinin qalıqları tapıldı - Foto

Bu gün, 15:45           
Misirdə evin qarşısında Ramzesin heykəlinin qalıqları tapıldı - Foto
Misirin Bəhbeyt-əl-Həcər kəndində firon II Ramzesin heykəlinə məxsus 1.6 metr hündürlüyündə baş hissəsi tapılıb.

Bu barədə "Arkeonews" nəşri Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən məlumat yayıb.

Arxeoloji qazıntı işləri yerli sakinin müraciətindən sonra fəaliyyətə keçirilib. Həmin şəxs öz evinin qarşısındakı ərazidə üzərində qədim yazılar olan daşın olduğunu aidiyyəti orqanlara bildirib. Tapıntıda firon Yuxarı və Aşağı Misiri təcəssüm etdirən qoşa tacla təsvir olunub. Heykəlin arxa dayağının qorunub saxlanılan hissəsində hökmdarın adı həkk edilib.

Mütəxəssislərin fikrincə, başın ölçülərinə əsasən, bu heykəlin altlıqla birlikdə ümumi hündürlüyü təxminən 8.5 metr olmalıdır. Ərazidə ayaqları və altlığı olmayan daha bir hökmdar heykəli də tapılıb. Bu heykəlin də II Ramzesə aid olması ehtimal edilsə də, hələlik bu rəsmi təsdiqini tapmayıb. Bundan əlavə, qazıntılar zamanı üzərində fironun titulları yazılmış çəhrayı qranit bloku da çıxarılıb.

Hazırda arxeoloqlar tədqiqatlarını davam etdirirlər. Onlar bu heykəllərin ilkin olaraq məhz bu ərazidə ucaldıldığını, yoxsa sonradan buraya gətirildiyini müəyyənləşdirməlidirlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]