Baxıram, çoxu o körpə məktəbliləri Mirzə Cəlilin “Ölülər” pyesindəki Nazlı ilə müqayisə etməyə qədər abır tökür. Bu qədər də olmaz...
Bu gün, 08:34

Bu gün baş verənlər Mirzə Cəlilin apardığı mübarizə ilə nəinki eynidir, ümumiyyətlə, yaxından-uzaqdan aidiyyatı yoxdur.
Bu gün Azərbaycanda hicab geyinən, 650 bal toplayan, saysız sertifikatlar alan, olimpiadalarda birinci yerləri tutan, bu məktəblilər Mirzə Cəlilin “Ölülər” pyesindəki Nazlıdır?
Bəli, məktəbli geyimi olmalıdır, hər kəs bərabər olmalıdır. Hansısa nüaans yaranıb, bu da keçəcək...
Amma bu uşaqları hicaba görə “Nazlı” adlandırmaq nəinki insafsızlıq, heç kişilik də deyil.
Bu gün məktəblilərin ən yaxşı, savadlı və tərbiyəli şagirdləri arasında o uşaqların böyük faiz çoxluğu var. Sadəcə bu uşaqlarla danışan nazir, direktor yoxdur. Varsa da, bu şəxslərin məktəblilər yanında nüfuzu, hörməti yoxdur.
Daha bir nüans var... Bu uşaqların ən böyüyü 11-ci sinifdə oxuyur. Azərbaycanın isə müstəqillik tarixinin azı 33 yaşı var. Bu tarixin hamısı müasirlik, tolerantlıq, hüquq və bərabərliyin aşılanması ilə keçib.
Biz uşaqlarımızı 33 ildir -“azadsınız, hüquqlarınız var, sərbəstsiniz, müstəqilsiniz, güclü təhsilimiz var, güclü dövlətimiz var, regionun lider dövlətində yaşayırıq” sözləri ilə böyütmüşük.
Bu ölkənin bütün başbilənləri illərdir “biz azadıq, tolerantıq, hüquq və bərabərliyi gözləyirik, demokratıq” deyib və deyir.
Uşaqlarımız belə sözlərlə, fikirlərlə böyüyüb. Hə, indi bir gündə dönüb oldular “Nazlı düşüncəsində”? Oldular Mirzə Cəlilin mübarizə apardığı cəmiyyətin üzvləri?
Ayıb deyil? Siz bu dövləti Mirzə Cəlilin “Ölülər” pyesinin personajı hesab edirsiniz?
Bəli, siz həmişə bu dövləti belə görmüsünüz, çünki sevmirsiniz, yalançı hay-küyçüsünüz... İlk fürsətdə elə sizlər ən böyük ziyan vuranlarsınız...
Məncə, dövlət qərarları belə icra olunmamalıdır. O uşaqları küçələrdə saxlamaq doğru deyil, o uşaqlarla direktorları üz-üzə qoymaq doğru deyil. Elə valideynlər də bunu başa düşməlidir, uşağı çəkib paylaşmaq da doğru deyil.
Uşaqları dövlətlə, məktəblə üz-üzə qoymaq da doğru deyil. Nə bu dövlət uşaqlarına güc tətbiq edən deyil, nə də o uşaqlar bu dövlətə qarşı çıxan deyil. Müraciətlərdə valideynlərin dilindən “Cənab Prezidentdən kömək istəyirik” sözündən başqa ayrı bir söz yoxdur.
Odur ki, bu uşaqlara dövlət sahib çıxmalıdır, dövlət onlarla danışmalıdır, onlara lazım olan nə varsa aşılanmalıdır... Bütün dəstəklər göstərilməlidir, çünki onlar bu ölkənin konstitusion hüquqlara malik vətəndaşlarıdır.
Amma təəssüflər olsun ki, bu gün onlarla danışıq aparmaq direktorların gücündə deyil. Bilirsiniz niyə? Çünki direktorlar məktəblərdə uşaqların yanında olmayıblar, o uşaqlar direktorların sevgisini görməyib. Kadrlarda uşaqların direktorlara olan aqressiyası aşkar görünür... Direktorların da günü-gündən sərt davranışları çoxalır. Hara qədər davam edə bilər bu vəziyyət?
Daha bir diqqətçəkən nüans da var. O nüans ki, bizə gələcəkdə daha çox lazım olacaq və bu gün bunu görüb nəticə çıxartmaq lazımdır.
Nədir o səbəb?
Valideynlərlə, o körpə uşaqlarla belə danışa biləcək hörmətli adamların yoxluğu...
Bu insanların eşidə biləcəyi kim var? İnsanlar hansı alimi, ziyalını, xalq artistini, akademiki, ağsaqqalı, təhsil sahəsində hörmətli adamı eşidir? Kimdir onların eşidə biləcəyi ziyalı? Onların qabağına kim çıxa bilər? Kim onlarla danışa bilər? Bu çox acı mənzərədir...
Hamınız bu uşaqları Mirzə Cəlilin 100 il əvvəl yazdığı “Ölülər” pyesindəki personajlarla əlaqələndirirsiniz...
Bəs bu dövlət 33 il müstəqillik dövründə hansı işi görüb?
Siz bu dövləti nə hesab edirsiniz?
Biz elə sizə görə Mirzə Cəlilin zamanında qalmışıq...
Bəs deyirsiniz, Azərbaycan güclü dövlətdir? Sizin düşüncəniz elə budur, həmişə belə olub, sadəcə yalançı qaraqışqırıqla məşğul olmusunuz... Siz Azərbaycanı danışmaq lazım olanda, sizə deyiləndə sevirsiz, onu da doğru düzgün edə bilmirsiz.
Sizin bu fikirləriniz ölkə xaricindəki qüvvələrə bizi zəif göstərir və o qüvvələr elə bilir ki, biz doğrudan da Mirzə Cəlilin "Ölülər" pyesindəki personajlarıq... Əsl beyni yuyulan elə sdizin kimi düşünənlərdir,
O uşaqlar bu dövlət üçün təhlükə deyil, zatən bu məsələ həll olunacaq. Əsl təhlükə bu dövlətin Mirzə Cəlil dövründə qaldığını hesab edənlərdir...
Nədir, bəlkə əlinizə bir qırmanc alıb, gedib o məktəbin qarşısında dayanan o uşaqları qırmanclayasız?
Ədil Hüseynli
TEREF

