Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
Bu gün, 17:48

Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasimi olub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Kambocanın yaxşı dostlar və tərəfdaşlar olduğunu söyləyib. “Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bildirilib ki, dövlətlər arasında siyasi münasibətlər güclüdür, BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edilir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
Vurğulanıb ki, ölkəmiz Cənub-Şərqi Asiya ilə maraqlanır, bu bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
Mətbuata bəyanatında Kambocanın Baş naziri Hun Manet bildrib ki, Kambocanın Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur. Baş nazir bildirib ki, çoxtərəfli səviyyədə biz, həmçinin beynəlxalq platformalarda münasibətləri gücləndirməyi razılaşdıq. O, ölkəsinin Azərbaycanın Asiyanın parlamentlərarası ittifaqına müşahidəçi qismində qoşulma təşəbbüsünü dəstəklədiyini də qeyd edib.
Həmin gün Bakıda həm də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan–Kamboca biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Kamboca Baş nazirinin rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçün imkan yaradır.
Azərbaycan və Kamboca otuz ildən artıqdır diplomatik əlaqələrə malikdir. İki ölkə liderləri arasında siyasi etimad və dostluq mövcuddur. Ölkələr arasında ticarət əlaqələri artmaqdadır, lakin hələ də ikitərəfli münasibətlər əsl potensialı əks etdirmir.
Hər iki ölkənin bir-birini tamamlayan güclü tərəfləri var və geniş bazarlara çıxış təklif edir. Azərbaycan üçün investisiya tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə öz növbəsində etimad qurmaq, münasibətlərin müsbət tərəflərini bölüşmək və çətinliklər zamanı bir yerdə olmaq deməkdir. Kamboca ölkəmizin şirkətlərinin yeni tərəfdaşlıqlar axtarması və etimad qurması üçün dəstəklənən ölkədir. Bu proses çoxdan başlayıb və inkişafdadır.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

