Çinin "BYD" avtomobil istehsalçısı Fransada zavod açmağı nəzərdən keçirir
Bu gün, 09:24

Çinin avtomobil istehsalçısı "BYD" Avropada istehsal fəaliyyətini genişləndirmək məqsədilə Fransada yeni zavod açmaq imkanlarını araşdırır. Şirkətin vitse-prezidenti Stella Li bildirib ki, Fransa potensial istehsal müəssisəsinin yaradılması üçün nəzərdən keçirilən ölkələrin qısa siyahısına daxildir.
Valyuta.az xəbər verir ki, Stella Li bu barədə Paris Avtomobil Sərgisinin açılışında danışıb.
"Fransa qısa siyahımızdadır. Biz burada zavod yaratmaq imkanını çox ciddi şəkildə araşdırırıq", – deyə o bildirib.
Şirkətin vitse-prezidenti "BYD"nin Fransa bazarında yerli istehsalçı kimi qəbul olunmasını istədiyini vurğulayıb.
"Mən istəyirəm ki, Fransada insanlar 'BYD'ni Fransa şirkəti hesab etsinlər. İstəyirəm ki, onlar bu markanı sevsinlər", – deyə Stella Li qeyd edib.
Onun sözlərinə görə, Çin avtomobil istehsalçısı Avropada ikinci və üçüncü zavodlarını da açmağı planlaşdırır.
Stella Li bildirib ki, "BYD" artıq Macarıstanda istehsal müəssisəsinin fəaliyyətə başlamasına hazırlaşır. Zavodun 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Bu açıqlamalar Çin ilə Avropa İttifaqı arasında avtomobil ticarətinə dair müzakirələrin davam etdiyi dövrə təsadüf edir. Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviçin sözlərinə görə, Çin oktyabrın 9-da Avropa bazarına hibrid və elektrik şəbəkəsindən enerji ilə doldurulan hibrid avtomobillərin ixracını məhdudlaşdırmağa razılıq verib.
Stella Li isə "BYD"nin Avropa bazarına uzunmüddətli sadiqliyini vurğulayaraq şirkətin dünyanın fəaliyyət göstərdiyi hər bir regionunda yerli istehsalçıya çevrilmək niyyətində olduğunu bildirib
"BYD" Fransada satış şəbəkəsini genişləndirir
Çin avtomobil istehsalçısı artıq Fransada geniş diler şəbəkəsinə malikdir. Şirkət ölkənin aparıcı avtomobil satış qrupları olan "Bymycar", "Emil Frey" və "Bodemer" ilə tərəfdaşlıq müqavilələri bağlayıb.
Bu şirkətlər Fransanın əsas şəhərlərində "BYD" avtomobillərinin satışını və satışdan sonrakı texniki xidmətini həyata keçirirlər.
"BYD"nin iyul ayında açıqladığı məlumata əsasən, şirkətin Fransada təxminən 115 diler mərkəzi fəaliyyət göstərir. İstehsalçı yerli tərəfdaşlar vasitəsilə satış şəbəkəsini genişləndirməyə davam edir.
Şirkətin məlumatına görə, 2026-cı ilin birinci yarısında Fransada 13 935 ədəd "BYD" minik avtomobili qeydiyyata alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 faiz çoxdur.
"BYD"nin Avropada genişlənməsi yanacaq qiymətlərinin rekord səviyyəyə yüksəldiyi və Avropa İttifaqında elektrik avtomobillərinin qeydiyyatının sürətlə artdığı dövrə təsadüf edir.

