Pambıqçılar hələ də pulunu ala bilmir, nazirlik “qarışmıram” deyir

Bu gün, 09:44           
Pambıqçılar hələ də pulunu ala bilmir, nazirlik “qarışmıram” deyir
Kənd təsərrüfatı ilə məşğul olan sahibkarların vəziyyəti onsuz da yaxşı deyil, üstəlik, ayrı-ayrı təşkilatlar onları incidir. Pambıqçılar bir ildir təhvil verdikləri məhsulun pulunu ala bilmirlər, hər dəfə quru vəd eşidirlər. Bir neçə gün əvvəl onlara növbəti dekadanın başa çatmasını gözləməyi tövsiyə ediblər. Yəni məsələ təxminən bir həftə-on gün də yubanıb.
Bizimyol.info xəbər verir ki, Salyan və Beyləqandan olan pambıqçılar keçən ilin payızından “Azərtəsərrüfat” MMC-yə təhvil verilən məhsulun pulunu almaq üçün mübarizə aparır. Onlar xüsusilə son günlər problemi mümkün qədər çox ictimailəşdiriblər. Təəssüf ki, sahibkarların çarəsiz durumuna lazımi reaksiya yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini bir sözlə ifadə etsək, ən uyğunu “qarışmıram” olar. Bildirilib ki, tərəflər arasında müqavilə var, şirkətin öhdəliyi məlumdur, yerinə yetirmirsə, bizlik deyil. Açıqlamanı yalnız bu cür anlamaq mümkündür. Nazirlik hər hansı kömək təklif etmir. Ola bilər, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun son açıqlamasında ümid axtarmağa dəyər. Nazir “Azərtəsərrüfat” MMC qarşısında məsələ qaldırıldığını, problemin yaxın günlərdə həllini tapmasına ümid etdiyini dilə gətirib.

Salyan və Beyləqan pambıqçıları, adətən, məhsulu “Salyan Aqropark” Pambıq Emalı Zavoduna, yəni “Azərtəsərrüfat”a təhvil verirlər. Sahibkarlardan Musa Məmmədov ümumilikdə 32 milyon manatın ödənmədiyini bildirir: “Sığortanı 15 gün gecikdirəndə üstünə faiz hesablayırlar. Belədirsə, 32 milyon indi 70 milyon manata çevrilməliydi. Sonra da deyirlər ki, kənd təsərrüfatı inkişaf etmir”.

“Azərtəsərrüfat” açıq-aşkar kiçik və orta sahibkarlıqla məşğul olanları incidir. Yalnız keçən ilin oktyabrın 15-nə qədər təhvil verilən məhsulun ödənişi həyata keçirilib. Sahibkarlar banklar qarşısında öhdəliyi yerinə yetirə bilmir. Bu şəraitdə kənd təsərrüfatına töhfə verən fermerlərdən nə gözləmək olar? İnsanlar zəhmətinin qarşılığını vaxtında və tam almalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]