Dünyanı qorxudan virus yenidən qayıdır – Azərbaycana da gələ bilər?
Bu gün, 00:04

2022-ci ildə dünyanın diqqətini cəlb edən meymunçiçəyi virusu yenidən gündəmə gəlib. Honkonqda avqust ayından bəri 21 yoluxma aşkarlanıb ki, bu da 2026-cı ilin əvvəlindən qeydə alınan bütün halların 70 faizini təşkil edir. Diqqətçəkən məqam isə indiyədək aşkarlanan bütün yoluxmaların kişilər arasında olmasıdır. Mütəxəssislər yoluxmaların artımını yüksək riskli cinsi əlaqələrlə əlaqələndirirlər.
Ümumiyyətlə, baş verənlər yeni epidemiya təhlükəsindən xəbər verir? Bu, Azərbaycan üçün hər hansı risk yaradırmı?
Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, hazırda Honkonqda meymunçiçəyi virusuna yoluxma hallarının artması diqqət tələb etsə də, bunu yeni bir epidemiya təhlükəsi kimi qiymətləndirmək hələ tezdir:
“Virus əsasən yoluxmuş şəxslə sıx fiziki təmas nəticəsində ötürülür və COVID-19 kimi hava yolu ilə asanlıqla yayılmır. Meymunçiçəyi virus mənşəli yoluxucu xəstəlikdir. O, əsasən dəri səpgiləri, qızdırma, baş ağrısı, əzələ ağrıları və limfa düyünlərinin böyüməsi ilə özünü göstərir. Xəstəlik əvvəllər daha çox Afrikanın bəzi bölgələrində qeydə alınıb. Son illərdə isə dünyanın müxtəlif ölkələrində də yayılıb”.
Terapevt bildirib ki, virusun Azərbaycana gəlməsi ehtimalı var, lakin hazırda ciddi epidemioloji təhlükənin mövcud olduğunu demək üçün kifayət qədər əsas yoxdur:
“Əsas məqsəd yoluxma hallarının vaxtında aşkarlanması, epidemioloji nəzarətin gücləndirilməsi və əhalinin düzgün maarifləndirilməsidir. Panikaya əsas yoxdur, amma ehtiyat tədbirləri də diqqətdən kənarda qalmamalıdır. Meymunçiçəyinə qarşı peyvəndlər mövcuddur. Onlar əsasən yoluxma riski yüksək olan şəxslərə və müəyyən hallarda yoluxmuş şəxslə yaxın təmasda olanlara tövsiyə edilir”.

