Fizika üzrə mükfata kimin və ya kimlərin layiq görüləcəyinə şahid olacağıq…
Bu gün, 17:54

Bu gün pis-yaxşı Fiziologiya və Tibb üzrə Nobel mükafatını az da olsa müzakirə elədik. Səbrsizliklə sabahkı günü – Fizika üzrə mükfata kimin və ya kimlərin layiq görüləcəyinə şahid olacağıq…
Mən isə bu əlamətdar gün ərəfəsində sizi ənənəvi olaraq bir fiziklə bir qədər də yaxından tanış etmək istəyirəm. Desəm bu fizikin adı Ofey-dir, deyəsəcksiniz ki, o kimdir…
Bu yazını illər əvvəl yazsam da ilk dəfə paylaşıram. Qoy bu yazı da mənim bütün fiziklərə hədiyyəm olsun. İçində bir az erotika var, amma narahat olmağa əsas yoxdur…
OFEY
Riçard Feynmanın bioqrafiyasında fizika ilə ilk baxışda heç bir əlaqəsi olmayan maraqlı bir epizod var. Kvant elektrodinamikasının yaradıcılarından biri, Nobel mükafatı laureatı və XX əsrin ən məşhur fiziklərindən biri həyatının müəyyən dövründə ciddi şəkildə rəsm çəkməyi öyrənir. Portretlər, insan fiqurları, qadın modelləri çəkir, əsərlərini sərgiləyir, hətta bəzilərini satır. Amma rəsmlərinin altında “Richard Feynman” yox, “Ofey” yazır.
Bu ad təsadüfi deyildi. Feynmanın öz xatirələrində danışdığına görə, rəsmlərini satmaq məsələsi ortaya çıxanda onu bir sual düşündürürdü: insanlar bu əsərləri rəsm olduqları üçün alacaqlar, yoxsa məşhur fizikin çəkdiyi rəsmlər olduğu üçün? “Richard Feynman” artıq sadəcə bir ad deyildi. Onun arxasında Nobel mükafatı, Kaltek, Feynman diaqramları və böyük elmi şöhrət dayanırdı. Rəsmin altında həmin adı görən adam istər-istəməz yalnız rəsmə baxmayacaqdı; müəllifin bioqrafiyası da baxışına qarışacaqdı. Feynman bunu istəmirdi.
Dostu Dadli Rayt (Dudley Wright) ona fransız dilindəki “au fait” ifadəsi ilə bağlı bir söz oyunu təklif etmişdi. Feynman bunu fonetik şəkildə “Ofey” formasına saldı və rəsmlərini belə imzalamağa başladı. “Au fait” standart fransızcada daha çox “məsələdən xəbərdar”, “işin mahiyyətinə bələd” mənasına gəlir; Feynmanın xatirələrində ifadəyə verilən məna isə dəqiq lüğəvi qarşılıqdan çox zarafat və söz oyununun məhsuludur. Əsas məsələ sözün tərcüməsində yox, həmin adın Feynman üçün gördüyü işdə idi: o, öz məşhur adını əsərlə tamaşaçı arasından çıxarmağa çalışırdı. Fizik dili ilə desək, sanki eksperimentdən nəticəyə təsir edə biləcək güclü bir amili kənarlaşdırırdı. Görək, “Feynman” adı olmayanda rəsm özü nə qədər yaşayacaq.
Rəssamlığa gəlişi də Feynmanın xarakterinə uyğun olmuşdu. Tanışı, erməni əsilli rəssam Jirayr Ambarsum Zortyan (1911-2004) ilə danışmışdılar ki, Zortyan ona rəsm çəkməyi, Feynman isə ona fizika öyrədəcək. Türkiyənin Kütahya şəhərində doğmuş, uşaq ikən ailəsi ilə Amerikaya köçmüş, Yel univeristetində sənət oxumuşdu. Kaliforniyada rəssam və muralist kimi tanınan Zortyan buradakı rançosunda bohem həyat tərzi məşhur sənətçilər, musiqiçi və alimlərlə keçirtdiyi məclislərlə tanınırdı. Feynmanla da belə tanış olmuşdular.
Zamanla iki fərqli dünyalardan olan Feynman və Zortyan arasında qızğın mübahisələr yaşanırdı: Feynman rəssamların elmin gözəlliklərindən xəbərsiz olduğunu deyir, Jirayr Ambarsum isə alimlərin təbiəti tənliklərə parçalayaraq onun spontan gözəlliyini itirdiklərini müdafiə edirdi. Nəticədə Feynman çıxış yolu təklif etdi: Zortyan ona rəsm çəkməyi, o isə rəssama fizika öyrədəcəkdi; ancaq bu anlşamadan sonra rəssamdan bir şey çıxmadı – fizikanı anlamadı. Feynman isə rəsmetməyi bacaran fizik kimi də tanındı.
Feynman öz üzərində işləməyə başladı və çox keçmədən anladı ki, rəsm çəkmək yalnız əlin yox, gözün məşqidir. Biz insan üzlərinə hər gün baxırıq, amma həmin üzü çəkməli olanda məlum olur ki, onu əslində çox az görmüşük. Gözlərin arasındakı məsafə, çənənin xətti, yanağın işıq altında necə dəyişməsi kimi detallar gündəlik baxışımızdan asanlıqla yayınır. Beyin üçün üzü tanımaq kifayətdir; rəssam üçün isə iş məhz bundan sonra başlayır.
Bu məqam Feynmanın fizika ilə münasibətini də xatırladır. O, hadisənin adını bilməyi onu anlamaq hesab etmirdi. Termin məsələnin bəzən yalnız başlanğıcı idi. Feynman fizikada “burada əslində nə baş verir?” deyə soruşur, rəsm qarşısında isə sual bir qədər dəyişirdi: “Mən əslində nə görürəm?” Elm və sənəti iki tam ayrı dünya kimi təsəvvür etməyimiz bu baxımdan bir qədər sünidir. Yaxşı alim üçün təxəyyül və müşahidə nə qədər vacibdirsə, yaxşı rəssam üçün də diqqət və struktur hissi bir o qədər vacibdir.
Ancaq “Ofey” imzalı əsərlərə baxanda başqa bir xətt də aydın görünür: erotika.
Feynmanın qadın fiqurları sadəcə akademik çılpaq model çalışmalarından ibarət deyil. Onların bir qismində qadın bədəninə yönəlmiş maraq açıqdır; pozanın seçimi, bədən xəttinin vurğulanması, modelin təqdim olunma tərzi göstərir ki, rəssam qarşısındakı bədəni yalnız anatomiya və proporsiya məsələsi kimi görmür. Bununla belə, bu rəsmləri erotik sənətin daha açıq, qəsdən təhrikedici nümunələri sırasına qoymaq da doğru olmazdı. Erotizm çox vaxt süjetdə deyil, baxışdadır: Feynmanın qadın bədəninə diqqətlə və müəyyən heyranlıqla baxmasında.
Bu fərq vacibdir. Çılpaq bədən Qərb rəssamlıq ənənəsində özlüyündə erotika demək deyil; əsrlər boyu anatomiya, ideal forma və insan bədəninin plastikası rəssamlığın əsas mövzularından olub. Feynmanın bəzi işlərində isə akademik müşahidə ilə şəxsi cazibə hissinin sərhədi bulanıqlaşır. Onun qadınlara marağını bioqrafiyasından da bildiyimiz üçün həmin rəsmlərə baxarkən müəllifin şəxsi temperamentini tamamilə kənarda saxlamaq çətindir. “Ofey” qadın bədənində xətt, kölgə və forma görürdü, amma həmin bədənə laqeyd bir müşahidəçinin gözü ilə baxmırdı.
Əslində bu, Feynmanın rəssamlığını daha maraqlı edir. Çünki rəsm ona yalnız görməyi öyrətmirdi, görməyin heç vaxt tam neytral olmadığını da göstərirdi. Alim müşahidə zamanı öz arzu və gözləntilərini mümkün qədər kənarda saxlamağa çalışır: təbiəti olduğu kimi anlamaq istəyirsənsə, nəticəni əvvəlcədən gözlədiyin və ya arzuladığın istiqamətə çəkməməlisən. Sənətdə isə müşahidəçini gördüyündən belə asanlıqla ayırmaq mümkün deyil. Rəssam hansı modeli seçirsə, hansı pozanı maraqlı hesab edirsə, nəyə daha uzun baxırsa, özündən də nəsə əsərə keçirir. Bu mənada “Ofey” imzalı qadın rəsmləri təkcə modellər haqqında deyil, onlara baxan Feynman haqqında da məlumat verir.
Burada təxəllüsün yaratdığı maraqlı paradoks meydana çıxır. Feynman “Richard Feynman” adını rəsmin altından silmişdi ki, tamaşaçı rəsm əsərini müəllifin şöhrətindən asılı olmadan qiymətləndirsin. Amma imzanı gizlətmək baxışı gizlətmək demək deyildi. “Ofey”in qadın fiqurlarında Feynmanın estetik zövqü, qadın gözəlliyinə marağı və ümumən həyat iştahı qalırdı. Adını əsərdən çıxarmaq mümkün idi, özünü isə tam çıxarmaq yox.
Rəssamlıq macərasının başqa maraqlı tərəfi Feynmanın yenidən naşı olmağa razı olmasıdır. Fizikada dünyanın ən güclü alimlərindən biri olmaq ona ağ kağız qarşısında xüsusi imtiyaz vermirdi. Nobel mükafatı perspektivi düzəltmir, Feynman diaqramlarını yaratmaq insan əlini düzgün çəkməyi öyrətmir.
Rəsm qarşısında yenə baxmaq, səhv etmək, məşq etmək lazım idi. Uğur qazandıqca başqa sahədə başlanğıc nöqtəsinə qayıtmaq çox adam üçün çətinləşir; insan öz nüfuzunun əsirinə çevrilə bilir. Feynmanda isə güclü bir həvəskar azadlığı vardı: hər şeyi yaxşı bacarmaq və hər marağı peşəyə çevirmək məcburiyyəti yox idi.
Bəlkə “Ofey”in əsas mənası da elə buradadır. Bu ad yalnız rəsmləri “Richard Feynman” şöhrətindən qorumaq üçün seçilmiş təxəllüs deyildi; istər-istəməz Feynmanın özünə də başqa bir sahədə daha sərbəst görünmək imkanı verirdi. Orada böyük fiziklə yanaşı başqa bir adam da üzə çıxırdı: baxmağı öyrənən, qadın gözəlliyindən təsirlənən, səhv edən, öz zövqünü sınaqdan keçirən və hələ də dünyaya maraqla yanaşan adam.
Fizikada Feynman təbiətin görünməyən qanunlarını axtarırdı. “Ofey” isə görünən dünyanın qarşısında dayanmışdı. Bəzən bir üzü anlamaq, bəzən bir bədənin xəttini tutmaq, bəzən də sadəcə baxmaq üçün. Bəlkə insanın öz məşhur adından kənarda saxladığı sahə onun haqqında elə həmin addan daha çox şey danışa bilir.
İbrahim Nebioğlu
TEREF

