Boğazda nəhəng neft tankeri partladıldı – İrandan bütün gəmilərə müharibə ultimatumu - VİDEO
Bu gün, 09:08

Yaxın Şərqdə hərbi gərginlik təhlükəli həddə çatıb.
Musavat.com xəbər verir ki, Hörmüz boğazında daha bir nəhəng neft tankerinin minaya düşərək partladığı, Səudiyyə Ərəbistanının strateji obyektlərinə isə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirildiyi bildirilir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazından keçən bütün gəmilərə sərt xəbərdarlıq edib.
Sepahın açıqlamasına əsasən, boğaz ərazisində naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən obyektləri kimi qiymətləndiriləcək. Belə gəmilərə qarşı sərt və qətiyyətli tədbirlərin görüləcəyi bildirilib.
Bununla yanaşı, Sepah Hörmüz boğazının cənub hissəsində daha bir nəhəng neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb.
Məlumata görə, xam neft daşıyan supertanker oktyabrın 11-i axşam saatlarında minaya toxunub. Nəticədə güclü partlayış baş verib və gəminin mühərrik bölməsində yanğın başlayıb.
İran tərəfi bildirir ki, tanker Hörmüz boğazından çıxarkən bütün naviqasiya sistemlərini söndürüb və hərəkət üçün icazə verilməyən marşrutdan istifadə edib.
Sepahın bəyanatında gəminin məhz boğazdan keçid qaydalarını pozması səbəbindən qəzaya uğradığı vurğulanıb.
Eyni vaxtda Səudiyyə Ərəbistanının strateji enerji və nəqliyyat obyektlərinin hücuma məruz qaldığı bildirilir.
Yəməndəki husilər Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco”nun ölkənin şərqində yerləşən obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini bəyan ediblər.
Husilər həmçinin Ər-Riyad və Dammam şəhərlərindəki hava limanlarını hədəfə aldıqlarını açıqlayıblar.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin açıqlamasına görə, oktyabrın 11-i, bazar günü axşam saatlarında Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanı hücuma məruz qalıb.

