Erik Prinsin Konqodakı qüvvələri pusquya düşüb: keçmiş UFC döyüşçüsü yaralanıb

Bu gün, 00:11           
Erik Prinsin Konqodakı qüvvələri pusquya düşüb:
ABŞ-ın “Blackwater” özəl hərbi şirkətinin qurucusu Erik Prinsə məxsus “Vectus Global” şirkətinin qüvvələri Konqo Demokratik Respublikasının şərqində pusquya düşüb. Hadisə nəticəsində azı 20 nəfər ölüb və yaralanıb. Yaralılar arasında keçmiş UFC döyüşçüsü və ABŞ-ın sabiq xüsusi təyinatlısı Tim Kennedi də var.
Bizimyol.info xəbər verir ki, “Reuters” agentliyinin Konqo hökumətinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, hücum sentyabrın 17-də Cənubi Kivu əyalətində baş verib. Ölənlər arasında azı yeddi konqolu və Yeni Zelandiyanın xüsusi təyinatlı qüvvələrinin keçmiş üzvü olub.

Məlumata əsasən, Kennedi ayağından üç güllə yarası alıb. O, hazırda Vaşinqton yaxınlığındakı Valter Rid Milli Hərbi Tibb Mərkəzində müalicə olunur.

Mənbələr hücumun yüksək səviyyədə təşkil edildiyini və Ruanda hərbçilərinin hadisədə iştirak etmiş ola biləcəyini bildiriblər. İddialara görə, hücum edənlər müşahidə məqsədilə istifadə olunan dronun izini izləyərək qüvvələrin yerini müəyyənləşdiriblər. Ruanda, Konqo hökumətləri və M23 qruplaşmasının nümayəndələri məsələ ilə bağlı agentliyin sorğusuna dərhal cavab verməyiblər.

Erik Prinsin rəhbərlik etdiyi “Vectus Global” şirkəti Konqoda əvvəlcə ölkənin zəngin mineral ehtiyatlarından əldə olunan gəlirlərin toplanması və təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyət göstərib. Şirkətin qüvvələri bu ilin əvvəlində Ruandanın dəstəklədiyi üsyançıların geri çəkilməsindən sonra strateji əhəmiyyətli Uvira şəhərinə yerləşdirilib.

Qeyd edək ki, Konqonun şərqində onilliklərdir davam edən münaqişə ötən ildən yenidən şiddətlənib. BMT və Qərb ölkələri Ruandanı M23 qruplaşmasına dəstək verməkdə ittiham edir. Ruanda isə bu ittihamları rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]