"WhatsApp"ın yeni funksiyası müzakirələrə səbəb oldu: Al şəxsi mesajları oxuya bilmir
Bu gün, 12:34

"WhatsApp"ın yeni funksiyası müzakirələrə səbəb oldu: Al şəxsi mesajları oxuya bilmir
"WhatsApp" istifadəçiləri arasında son günlər tətbiqdəki məxfilik parametrləri ilə bağlı xəbərdarlıq mesajı yayılıb. İddialara görə, müəyyən tarixdən etibarən süni intellekt bütün şəxsi və qrup yazışmalarına, telefon nömrələrinə, hətta telefondakı şəxsi məlumatlara çıxış əldə edə bilər. Lakin bu məlumatlar həqiqəti əks etdirmir.
“WhatsApp” şəxsi mesajların və zənglərin başdan-başa şifrələmə ilə qorunduğunu bildirir. “Meta AI” istifadəçilərin yazışmalarına özbaşına daxil ola bilmir. Süni intellekt yalnız istifadəçinin birbaşa ona göndərdiyi və ya paylaşmağı seçdiyi məzmunu görə bilir.
Müzakirələrə səbəb olan “Təkmil söhbət məxfiliyi” funksiyası isə həqiqətən mövcuddur. Lakin onun əsas məqsədi süni intellektin telefondakı məlumatlara çıxışını bloklamaq deyil, yazışmaların “WhatsApp” xaricinə ötürülməsini məhdudlaşdırmaqdır.
Funksiya aktivləşdirildikdə söhbətin ixracı məhdudlaşdırılır, media fayllarının telefonun qalereyasına avtomatik saxlanması dayandırılır. Həmçinin həmin söhbətdə “Meta AI” vasitəsilə sual vermək, şəkil yaratmaq və mətnləri xülasələşdirmək kimi imkanlardan istifadə etmək mümkün olmur.
“WhatsApp”ın 2026-cı ildə istifadəyə verdiyi “Side Chat” funksiyası da müzakirələrdə qeyd olunur. Bu imkan istifadəçilərə iştirak etdikləri söhbətlə bağlı “Meta AI”dan kömək almağa şərait yaradır. Şirkətin bildirdiyinə görə, proses “Private Processing” adlı xüsusi texnologiya vasitəsilə həyata keçirilir və istifadəçilərin məzmunu “Meta” və ya “WhatsApp” tərəfindən oxuna bilmir. Bu funksiyadan istifadə könüllüdür.
Mütəxəssislər istifadəçiləri “Şənbə günündən etibarən bütün mesajlar oxunacaq”, “Bu ayarı dərhal aktivləşdirin” kimi çağırışlarla yayılan zəncirvari mesajlara ehtiyatla yanaşmağa çağırırlar. Belə mesajlar bəzən istifadəçiləri aldatmaq və fişinq hücumları həyata keçirmək üçün də istifadə oluna bilər.
Qeyd edək ki, qruplarda “Təkmil söhbət məxfiliyi” parametrini administratorlar, şəxsi söhbətlərdə isə iştirakçılardan biri dəyişə bilər.

