Azərbaycan Turizm və Menecmenst Universitetində nə baş verir? - İDDİA
Bu gün, 00:09

Sizə Azərbaycan Turizm və Menecmenst Universitetinin tələbələri adından müraciət edirik.
Bu universitetə böyük ümidlərlə qəbul olmuşduq.
Amma hər il ümidlərimiz azalır.
Nə universitetin binası, nə də təhsili qaydasındadır.
Semestr bitmək üzrədir, hələ də bəzi müəllimlərimiz bilinmir ki, kimdir. Bilmirik ki, bizə dərsi kim keçir, kim keçəcək.
Semestrin ilk həftələrdə bir çox müəllim ümumiyyətlə dərs keçmirdi. Şikayət etsək də baxan olmadı.
Müəllimlərin çoxunun keçdiyi dərsdən xəbəri yoxdur. Onları kim və necə seçir, aydın deyil.
TEREF yazır ki, bunu poçtumuza şikayətini ünvanlayan müəllif göndərib. Müəllif daha sonra yazır:
Müəllimlər dərsə azacıq gecikənə qayıb yazır, amma özləri çox vaxt dərslərə gecikir və onlara bir söz deyən yoxdur. Müəllim o gün işi varsa tələbələri dərsdən tez buraxır, gedir öz işinin arxasınca. Bu təsadüfən olan bir hal deyil, bunu hər gün görmək olar. Amma tələbəyə icazə lazım olanda icazə vermir. Müəllimlərin bir qisminin dərsin gündəlik mövzusundan xəbəri yoxdur. Bir nəfər nəzarət edən yoxdu ki, niyə müəllimlər dərsləri düzgün keçmir, vaxtında başlamır, vaxtında bitirmir, niyə dərsdən xəbər olmayan adamı müəllim götürüblər.
Tələbə şikayət edən kimi onu hədələyirlər, cəzalandırmağa çalışırlar. Hələ bir dəfə görməmişik ki, bir tələbənin şikayətinə baxılsın, onun məsələsi həll edilsin. Ya örtbasdır edirlər, ya da qorxudurlar. Biz başqa nəsə istəmirik. Sadəcə düzgün dərs keçilsin, düzgün qiymətləndirmə aparılsın.
Bildiyimizə görə dekanlardan sadəcə Turizm Fakültəsinin dekanı Bahadur müəllim tələbələri dinləyir. Digər iki fakültənin dekanı (o cümlədən bizim dekanımız) tələbələri heç vaxt dinləmir, onlarla bir dəfə də olsun maraqlanmayib.
Prorektor ümumiyyətlə tələbələrin üzünü görməyib. Tələbələr də onun üzünü. Nə vaxt gəlir, nə vaxt gedir, nə iş görür, bilən yoxdur.
Bəzi müəllimlərimizə müraciət edirik ki, prorektora çatdırsınlar. Onlar deyirlər ki, onlar da prorektorun üzünü görə bilmirlər.
Rektor sadə insandır. Amma onun özünü universitetdə heç sayan yoxdur. Hamı bilir ki, müəllimlər, dekanlar onu hər yerdə təhqir edirlər. Onlara heç nə edə bilmir. Bəzən o da tələbələri dinləyir, amma heç nə edə edə bilmir.
Siniflər, ayaqyolu guya təzə təmir edilib. Amma sizdən xahiş edirik ki, gəlib çəkiliş aparın. Görün təzə təmir edilən yer belə olarmı? Adını təmir qoyub, pulunu yeyiblər.
Bütün bu sadalananlardan sonra müəllif yazır:
Universitetin yubileyi qeyd olunub. Amma ora da tələbələri dəvət etməyiblər. Özləri yığışıb qeyd ediblər, əyləniblər, yeyiblər. Bəs yubileydə tələbləri də yada salmazlar?
Mən özüm 4-cü kurs tələbəsiyəm. Magistratura da oxumaq istəyirəm. Amma ATMU-nu yazmayacam. Çünki elmi iş üçün tələbələrdən pul alırlar. Bakalavrda da müəyyən fənlərdən tələbələri qəsdən kəsirlər ki, əlavə pul toplasınlar. Kəsirlərdən, yay məktəblərindən pul yığsınlar. Xahiş edirik ki, bu da araşdırılsın. Deyilənə görə bu korrupsiyanın başında da rəhbər şəxslər durur. Ona görə də tələbələr illərdir şikayət etsələr də heç bir addım atılmır.
Ölkəmizin Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban Əliyeva xanım ölkəmizin inkişafı, gənclərin daha yaxşı kadr olması üçün əlindən gələni edir, qərarlar qəbul edir, tapşırıqlar verir. Amma ATMU-da bunlara baxan yoxdur.
Sanki burda hamı dövlət siyasətinə qarşıdır. Məqsədləri gəncləri narazı salmaqdır.
Sizdən çox xahiş edirik ki, şikayətimizi işıqlandırın, gəlib özünüz müşahidə edin, zirzəmidə keçilən dərsləri, guya yeni təmir edilmiş sinifləri, ayaqyollarını çəkin.
İnanırıq ki, bunu işəqlandırsanız səsimiz ölkəmizin Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə, əlaqədar yerlərə çatar.
Xahiş edirəm məktubumu nəşr edərkən mənim ad soyadımı paylaşmayın.
Heç kimdən qorxmuram, amma məzun olmaq istəyirəm.
TEREF olaraq müəllifin toxunduğu iddialarla bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
TEREF

