İrəvan sülh və “geopolitik intihar” arasında seçim edir: - Qərbdən də Ermənistana qarşı sərt təzyiqlər başlayır
Bu gün, 00:07

Rəsmi İrəvan indi artıq Ermənistanın hüquqi və siyasi əsaslarının yenidən nəzərdən keçirilməsinin vacibliyini də gündəmə gətirməyə başlayıb... Baş nazir Nikol Paşinyan isə Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendumun yekun nəticələrini birbaşa özünün siyasi gələcəyi ilə əlaqələndirir...
Ermənistanda yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi bu ölkənin siyasi gündəmində ən önəmli və taleyüklü hadisə kimi qəbul olunur. Çünki bu, Azərbaycanla münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin olunması istiqamətində atılan addımların tərkib hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, açıqlanın layihədə Ermənistanın müstəqillik bəyannaməsinə istinadın yer almaması, eləcə də, dövlət rəmzlərində dəyişikliklərin nəzərdə tutulması rəsmi İrəvanın ənənəvi siyasi-ideoloji kursunda mümkün dönüşün ilkin əlamətləri hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim edildiyini sosial şəbəkə üzərindən şəxsən açıqlayıb. Həmin sənədin ən diqqət çəkən məqamlarından biri yeni konstitusiya layihısində Ermənistanın müstəqillik bəyannaməsinə hər hansı istinadın olmamasıdır. Çünki bu, Ermənistanın dövlətçilik konsepsiyasının hüquqi əsaslarının yenidən müəyyənləşdirilməsi və qonşu ölkələrlə münasibətlərdə mübahisəli siyasi tezislərin, eləcə də, ərazi iddialarının arxa plana keçirilməsi baxımından, böyük əhəmiyyət daşıyır.
Maraqlıdır ki, Ermənistanın yeni konstitusiya layihəsində mövcud dövlət rəmzlərinə yönəlik müəyyən dəyişikliklərin də nəzərdə tutulduğu bildirilir. Xüsusilə də, Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirinin dövlət rəmzlərindən çıxarılması Ermənistanda indiyə qədər mövcud olandan daha fərqli siyasi-ideoloji modelin formalaşmasında yeni yanaşma tərzinin yaranma prosesi kimi diqqət çəkir. İndi bu proses onilliklər boyu Ermənistanın siyasi məkanında ön planda yer almış uydurma iddialarla bağlı reallıqdan uzaq yanaşmalara paralel olaraq, xüsusi əhəmiyyət kəsb edir.
Digər tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiya layihəsinin müzakirəyə çıxarılmasını Azərbaycanla sülh prosesinin ən önəmli mərhələsi kimi təqdim edir. Erməni baş nazir ölkə vətəndaşlarına müraciətində Ermənistanda yeni əsas qanunun qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağını və ratifikasiya ediləcəyini bildirib. Onun fikrincə, məhz bu önəmli hədəfə çatıldıqdan sonra Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin edilməsi mümkün olacaq. Və erməni baş nazir bu məsələdə bütün mənəvi, siyasi və şəxsi məsuliyyətini ortaya qoyduğunu da vurğulayıb.
Əslində, baş nazir Nikol Paşinyanın açıqlamalarından da anlaşılır ki, Ermənistanın yeni konstitusiya layihəsi yalnız bu ölkənin daxili siyasi və hüquqi sistemini dəyişdirmək məqsədi daşımır. Yəni, bu, eyni zamanda, Azərbaycanla qarşılıqlı münasibətlərdə yeni mərhələyə keçidin əsas şərtlərindən biri kimi nəzərdə tutulur. Bununla belə, regional sülh prosesinin gələcək taleyi Ermənistanda konstitusiya dəyişiklikləri ilə yanaşı, rəsmi İrəvanın öz üzərinə götürəcəyi öhdəlikləri necə icra edəcəyindən və Paşinyan hakimiyyətinin siyasi iradəsinin davamlılığından da birbaşa asılı olacaq.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri konstitusiya dəyişiklikləri ilə bağlı referendumun yekun nəticələrini birbaşa özünün siyasi gələcəyi ilə də əlaqələndirməyə başlayıb. Yəni, erməni baş nazir artıq açıq şəkildə bildirib ki, əgər, Ermənistan vətəndaşları referendumda yeni konstitusiya layihəsinin əleyhinə səs versələr, o, istefa verəcək. Eyni zamanda, o, bu layihənin qəbul olunacağı təqdirdə isə növbəti parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini də bəyan edib. Bu, həm də onu göstərir ki, baş nazir Nikol Paşinyan Ermənistanda konstitusiya islahatlarını şəxsi siyasi məsuliyyət məsələsinə çevirib və prosesin legitimliyini referendum vasitəsilə təmin etməyə çalışır.
Maraqlıdır ki, Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Belə ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful da Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. O, açıqlamasında Azərbaycanın Almaniya və Avropa Birliyi üçün etibarlı strateji tərəfdaş olaraq, qaldığını bildirib. Eyni zamanda, alman nazir ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyində oynadığı önəmli rolu xüsusi olaraq, qeyd edib və Azərbaycanla əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini ön plana çəkib.
Digər tərəfdən, Almaniyanın xarici işlər naziri Yohan Vadeful həm də Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün təmin olunmasını çox vacib hesab etdiyini bildirib. Almaniya diplomatiyasının bu prinsipial mövqeyi Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasında rəsmi Berlinin daha doğru yanaşma tərzini göstərir. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də, sülh sazişinin imzalanması istiqamətində siyasi iradənin gücləndirilməsinə yönəlik Avropa Birliyinin maraqlarını da əks etdirir.
Göründüyü kimi, Ermənistanın yeni konstitusiya layihəsi ətrafında cərəyan edən siyasi proseslərdən belə anlaşılır ki, rəsmi İrəvanın sülh gündəliyi artıq yalnız diplomatik bəyanatlarla məhdudlaşmır. Yəni, Paşinyan hakimiyyəti indi artıq Ermənistanın hüquqi və siyasi əsaslarının yenidən nəzərdən keçirilməsinin vacibliyini də gündəmə gətirir. Yeni konstitusiya layihəsində Ermənistanın müstəqillik bəyannaməsinə istinadın çıxarılması, dövlət rəmzlərinə yönəlik dəyişikliklər və baş nazir Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı vədləri bu baxımdan, bir-biri ilə əlaqəli siyasi addımlar kimi görünür.
Ancaq indi əsas məsələ həm də bu önəmli dəyişikliklərin real siyasi iradəyə çevrilərək, Azərbaycanla qarşılıqlı münasibətlərdə davamlı sülhün təmin edilməsinə hansı səviyyədə münbit şərait yaradacağı ilə bağlıdır. Belə ki, Ermənistan cəmiyyətində referendumun nəticələri, siyasi qüvvələrin mövqeyi və yeni konstitusiyanın qəbulundan sonra atılacaq addımlar rəsmi İrəvanın sülh strategiyasının gələcəyini də müəyyənləşdirə biləcək. Çünki Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması ilk növbədə Ermənistanın siyasi bəyanatlardan konkret hüquqi və praktiki öhdəliklərə keçməsi ilə mümkün ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"

