İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə

20-11-2026, 17:26           
İki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə
Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçəcəyinə dair gözləntiləri artırır.
Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Prezident İlham Əliyev deyib ki, Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir”.
Hesab edirəm ki, bu əlaqələrin gələcək inkişafı üçün ciddi perspektivlər mövcuddur. Əsas istiqamətlərdən biri energetika sahəsidir. Digər tərəfdən, Vyetnam Azərbaycana investisiya yatırmaq potensialına malik ölkələrdən biridir. Xüsusilə Günəş və külək elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlıq imkanları diqqət çəkir.
Müsahibədə bildirilib ki, Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. “Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb”, - deyə dövlətimizin başçısı xatırladıb.
Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanlarından istifadə etməklə Orta Dəhliz vasitəsilə Vyetnam məhsullarının ölkəmiz üzərindən Avropa bazarlarına daşınması mümkündür. Bu, həm Azərbaycanın tranzit potensialının artmasına, həm də ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, Azərbaycan Vyetnam bazarına qeyri-neft məhsullarının ixracını artıra bilər. Belə ki, 100 milyondan artıq əhalisi olan Vyetnam Azərbaycan məhsulları üçün perspektivli bazar hesab olunur. Digər tərəfdən, bu ölkə ilə ticarət əlaqələrinin genişləndirilməsi idxalın şaxələndirilməsinə də imkan yarada bilər.
Vyetnam düyü, qəhvə, dəniz məhsulları, eləcə də müxtəlif elektronika məhsullarının istehsalı və ixracı sahəsində rəqabətqabiliyyətli mövqeyə malikdir. Bu məhsulların bir qisminin münasib qiymətlərlə təklif olunması Azərbaycan bazarı üçün də əlavə imkanlar yarada bilər.
Hesab edirəm ki, konkret investisiya layihələrinin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi şərtilə qarşıdakı 3-5 il ərzində iki ölkə arasında ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq mümkündür.
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]