Hava Nəqliyyatında Baş Gömrük İdarəsi DƏLİ DOMRUL KÖRPÜSÜNƏ ÇEVRİLİB... - Dİ GƏL KEÇ...

Dünən, 12:18           
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi DƏLİ DOMRUL KÖRPÜSÜNƏ ÇEVRİLİB... - Dİ GƏL KEÇ...
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı davamlı olaraq vətəndaş gileyləri ictimailəşdirilir. Amma nədənsə sözgüedən qurum sanki özünü toxunulmaz hiss etdiyindən və yaxud da kimlərinsə "sehirli dəstəyinə" arxayın olduğundan bu narazılıqları qulaqardına vurmaqdadır. Xatırladaq ki, biz "DİA-AZ" olaraq sözügedən qurumla və həm də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovun yarıtmazlığı ilə bağlı ilginc iddiaların yer aldığı faktları təqdim etməkdədyik. Və bu məlumatlar yalnız ənənəvi trol hücumları ilə "zərərsizləşdirilir". Təbii ki, bu yolla hansısa fərqli rəyi formalaşdırmaq olar. Amma unutmaq lazım deyil ki, aidiyyatı qurumların hərəkətlənəcəyi təqdirdə konkret hüquqi tədbirlərə trolllar hesabına müqavimət göstəmərk mümkün deyil.

Qeyd edək ki, bu günlərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı ilginc iddiaların yer aldığı gileylər paylaşıldı. Sərnişinlərin bildirdiyinə görə, buradakı gömrük postlarında aparılan yoxlamalar normadan artıq sərt və izahsız şəkildə həyata keçirilir. Xüsusilə xarici ölkələrin hava limanlarındakı “Duty Free” mağazalarından alınan adi məhsulların belə müsadirə olunması, sərnişinlərin saatlarla sorğu-suala tutulması narazılığı daha da artırır.
Məsələ dəfələrlə mediada gündəmə gətirilsə də, problemin aradan qaldırılması istiqamətində real addımların atılmaması suallar doğurur.
Xatırladaq ki, bununla bağlı yerli KİV-ə danışan iqtisadçı və hüquqşünas Əkrəm Həsənov bildirib ki, bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliklərə əsasən, müəyyən məbləğdən yuxarı dəyərə malik malların və ya eyni məhsuldan normadan artıq sayda gətirilməsi gömrük rüsumuna cəlb olunur:
“Hələ o zaman bu qaydalar tənqid edilirdi, çünki onların subyektiv hallara yol açacağı aydın idi. Birincisi, bunu müəyyən etmək çox çətindir. Məsələn, mən xaricə gedib bahalı bir əşya almışam və onu üzərimdə gətirirəm. Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək? Bəlkə həmin əşya əvvəldən mənim olub və sadəcə üzərimdə aparmışam? Bu baxımdan məsələ olduqca mürəkkəbdir. Bu qaydanın tətbiq edilməsinin səbəbləri də hamıya bəllidir. Bir tərəfdən guya xaricdən mal gətirib ölkə daxilində satan şirkətləri qorumaq məqsədi güdülür. Yəni vətəndaş özü gedib mal alıb gətirməsin, mütləq hansısa sahibkar vasitəsilə alsın. Halbuki mən özüm gedib almışamsa, niyə buna məhdudiyyət qoyulmalıdır? Digər tərəfdən isə guya dövlət büdcəsinə əlavə vəsait cəlb edilir. Bütün bunlar insanların ciddi narahatlığına səbəb olur”.
Əkrəm Həsənov özü də oxşar vəziyyətlə üzləşdiyini qeyd edib: “Keçən ilin dekabr ayında Avropadan qayıdanda məni də narahat etdilər. Proses belə olur: əşyalar rentgen aparatından keçirilir və bəzi yüklər bilərəkdən ən axıra saxlanılır. Sərnişin çıxışa yaxınlaşanda isə onu çağırıb çantaları açdırırlar. Mənə də dedilər ki, çantaları açın, orada alınmış əşyalar görünür. Həqiqətən də xanımım və dörd qızım üçün ümumilikdə 5 çanta və pulqabı almışdım. Bunlar sadəcə kiçik hədiyyələr idi, heç bahalı brend məhsullar da deyildi. Qəbzləri göstərdim, baxdılar ki, qiymətləri yüksək deyil. Buna baxmayaraq, məhsulların dəyərini müəyyənləşdirmək üçün başqa bir əməkdaş – qadın mütəxəssis dəvət olundu. O da təsdiqlədi ki, bunlar bahalı əşyalar deyil və bundan sonra buraxıldım. Amma bu proses insanda çox mənfi təəssürat yaradır. Gətirdiyin malların nə olduğu, neçəyə alındığı ilə bu cür maraqlanılması dünyanın heç bir yerində rast gəlinən hal deyil. Heç bir ölkədə sərnişini bu şəkildə saxlayıb gömrük rüsumu tətbiq etməyə çalışmırlar. Əgər yoxlama aparılmalıdırsa, bunu ya müəyyən saydan artıq çemodanın olduğu hallarda etsinlər, ya da adi sərnişinləri əsassız şəkildə narahat etməsinlər”.
Qeyd edək ki, bir müddət əvvəl "DİA-AZ"a müraciət edən Naxçıvan sakini Kərimov Məhəmməd Fərəməz oğlu da Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçilərindən şikayətçidir. Bu barədə növbəti yazımızda məlumat verəcəyik. Bizi izləməyə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]