“Yarım əsrlik sənətkar ömrünün Karmeni” – Fidan Hacıyevanın yubileyinə həsr olunmuş möhtəşəm qala konserti

Bu gün, 12:58           
“Yarım əsrlik sənətkar ömrünün Karmeni” –
Dekabr ayının 7-I saat 19:00-da Heydər Əliyev Sarayında III Beynəlxalq Opera Festivalının möhtəşəm bağlanış mərasimi – “Yarım əsrlik sənətkar ömrünün Karmeni” adlı qala konserti keçiriləcək.
Xalq artisti Fidan Hacıyevanın yubileyinə və opera səhnəsindəki 30 illik fəaliyyətinə həsr olunan bu musiqi gecəsi festivalın ən yaddaqalan hadisələrindən biri olacaq. Konsertdə dünya opera sənətinin ən sevilən obrazlarından olan Karmenin musiqi dünyası, Azərbaycan və dünya klassik musiqisinin seçilmiş inciləri, eləcə də ispan musiqisinin özünəməxsus rəngləri tamaşaçılara təqdim ediləcək.
Qala konsertində Xalq artisti Fidan Hacıyeva, ispan rəqslərini təqdim edən xoreoqrafiya qrupu və Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi altında Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edəcək. Proqramda klassik musiqinin möhtəşəm səslənişi ilə alovlu flamenkonun ritmləri bir araya gələrək səhnədə xüsusi musiqi atmosferi yaradacaq.
Konsertin repertuarına Jorj Bizenin “Karmen” operasından məşhur ariyalar, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Aqustin Laranın, Luçio Dallanın və Vinçenso Çiaranın əsərləri, eləcə də dünya şöhrətli tenor Luçano Pavarottinin repertuarından seçilmiş nümunələr daxil edilib. Frank Sinatranın ifası ilə sevilən əsərlər də gecənin musiqi rəngarəngliyini tamamlayacaq.
“Yarım əsrlik sənətkar ömrünün Karmeni” yalnız yubiley konserti deyil, həm də Fidan Hacıyevanın zəngin yaradıcılıq yoluna, opera səhnəsində keçirdiyi 30 illik sənət ömrünə musiqili ehtiram olacaq.

7 dekabr, saat 19:00
Heydər Əliyev Sarayı
III Beynəlxalq Opera Festivalının möhtəşəm finalında musiqinin, operanın və flamenkonun unudulmaz harmoniyasına şahid olun!














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]