ABŞ “Lukoyl”un 20 milyard dollarlıq aktivlərinin satışını dəstəkləyir - “The New York Post”

Bu gün, 09:47           
ABŞ “Lukoyl”un 20 milyard dollarlıq aktivlərinin satışını dəstəkləyir - “The New York Post”
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın “Lukoyl” neft şirkətinin xarici aktivlərinin təxminən 20 milyard dollara satılması ilə bağlı sövdələşməni dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” qəzeti ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sövdələşmə hazırda fəaliyyəti dayandırılmış bəzi neft emalı müəssisələrinin yenidən işə salınmasına imkan yarada bilər.

İnvestor Todd Boulinn rəhbərlik etdiyi konsorsium Asiya, Avropa, Afrika və Şimali Amerikada yerləşən neft yataqlarını almağı planlaşdırır. Konsorsiumun tərkibinə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) da daxildir.

Alınması nəzərdə tutulan yataqlarda gündəlik hasilat 350 min bareldən çox neft ekvivalentinə bərabərdir. Bu göstərici ABŞ-də ötən il qeydə alınmış neft hasilatı artımının təxminən hamısına uyğun gəlir.

Sövdələşmə çərçivəsində Bolqarıstan, Rumıniya və Niderlandda yerləşən, ümumi gündəlik emal gücü 350 min barel olan üç neft emalı zavodunun da alınması nəzərdə tutulur.

ABŞ rəsmiləri “Lukoyl”un xarici aktivlərini təxminən 20 milyard dollar dəyərində qiymətləndirirlər. DFC-nin sövdələşmədə iştirakı isə əldə olunacaq gəlirin ABŞ xəzinəsinə yönəldilməsini təmin edəcək şəkildə strukturlaşdırılıb.

Məlumata görə, DFC rəsmiləri və özəl konsorsiumun nümayəndələri müqavilənin yaxın iki həftə ərzində imzalanacağını gözləyirlər. Bununla belə, sövdələşmənin mürəkkəbliyi səbəbindən prosesdə dəyişikliklərin baş verməsi istisna edilmir.

Konsorsiumda Birləşmiş Ərəb Əmirlikləri və Qətər də təmsil olunur. ABŞ rəsmiləri bu ölkələrin iştirakını “Lukoyl”un razılığını əldə etmək zərurəti ilə izah edirlər.

DFC ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoffun sövdələşmə üzrə danışıqlarda iştirak etdiyinə dair məlumatları təkzib edib. Bildirilib ki, hər iki şəxs Rusiya ilə ayrıca diplomatik istiqamətdə fəaliyyət göstərir və aktivlərin alınması üzrə danışıqlara qoşulmayıb.

Qeyd edək ki, bundan əvvəl “Carlyle Group” şirkəti “Lukoyl”un xarici aktivlərinin alınmasına dair razılaşma əldə edildiyini açıqlamışdı. Lakin mənbələr həmin sənədin hüquqi baxımdan məcburi qüvvəyə malik olmadığını bildirirlər.

DFC nümayəndələrinin sözlərinə görə, hazırkı konsorsium sövdələşməni tamamlamaq üçün bütün zəruri imkanlara malik yeganə iştirakçıdır.

Xatırladaq ki, “Lukoyl” ABŞ və Böyük Britaniyanın sanksiya siyahılarına daxil edildikdən sonra beynəlxalq aktivlərini satmaq niyyətini açıqlayıb.

Şirkət yanvar ayında xarici aktivlərini idarə edən “Lukoil International GmbH”nin “Carlyle” şirkətinə satılması barədə razılığa gəldiyini bildirmişdi. Qazaxıstandakı layihələr həmin sövdələşməyə daxil edilməmişdi.

Razılaşmanın həyata keçirilməsi ABŞ hakimiyyətinin icazəsi də daxil olmaqla bir sıra şərtlərdən asılı idi. “Lukoyl” həmin vaxt müqavilənin eksklüziv olmadığını və digər potensial alıcılarla danışıqları davam etdirdiyini vurğulamışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]