İranın atdığı hicaba can atan cəmiyyətimiz

Bu gün, 00:01           
İranın atdığı hicaba can atan cəmiyyətimiz
Coğrafiyamızın ən böyük ironiyası bu gün gözlərimizin önündə yaşanır. Arazın o tayında, onilliklər boyu teokratik rejimin məngənəsində boğulan qadınlar həyatları və azadlıqları bahasına hicabı başlarından atır, şəriət qanunlarına qarşı üsyan edirlər. Onlar üçün bu geyim sadəcə parça deyil, fərdi azadlıqların, təhsilin və insan kimi yaşamaq hüququnun edam kötüyüdür. Lakin Arazın bu tayında dünyəvi, maarifçi təməl üzərində qurulmuş cəmiyyətdə bəzi qruplar qonşunun qanla, canla imtina etdiyi o qandallara könüllü şəkildə can atır. Biri sivilizasiyaya, işığa qaçmaq üçün şəriəti rədd edir, digəri isə elə o sivilizasiyanın ortasında özünü şəriətin qaranlığına təslim etməyə çalışır.
Bəs bu absurd qaranlıq sevdası bizdə necə yarandı? Ölkəyə sızan radikal dini ideologiyalar gənclərə "mənəviyyat", "saf inanc" və "fərdi seçim" qablaşdırmasında təqdim olunur. İnsanlar çox məsum şəkildə "Mən sadəcə Allaha inanıram, ibadətimi edirəm" deyərək bu yola qədəm qoyurlar. Lakin fərqində deyillər ki, geyindikləri sadəcə inanc simvolu deyil, qonşu xalqın tarixin zibilliyinə atmaq istədiyi siyasi formadır.
Siyasi İslamın və şəriət təfəkkürünün ən böyük tələsi onun tədricən fərdin bütün dünyagörüşünü işğal etməsidir. Başlanğıcda sadə bir ibadət kimi görünən bu proses zamanla fərqli düşüncəyə, milli kimliyə, elmə və mədəniyyətə qarşı amansız nifrətə çevrilir. Dünən azad cəmiyyətin fərdi olan şəxs, bu gün teatrı "bayağılıq", musiqini "günah", qadın azadlığını "əxlaqsızlıq", elmi kəşfləri isə "Qərb oyunu" adlandıraraq sivilizasiyadan təcrid olunur. Bu tip fərdlər söyüşə, təhqirə, qarğışa və hədələməyə meyilli olurlar. İnandıqları dini, Allahı söyüşlə müdafiə edirlər (şərhlərdə o kütləni mütləq görəcəksiniz). Özləri də fərqində olmadan, başqa dövlətlərin ideoloji maşınının əsgərinə çevrilirlər. Bu əsgərlər İrandan və ərəb ölkələrindən qaçanların xilas axtardığı dünyəvi ölkəni məhz həmin o qaçdıqları cəhənnəmə çevirməyə çalışırlar.
Cəmiyyəti bu görünməz işğaldan xilas etməyin yolu isə türkçülük ideologiyasının təbliğindən, elmin, intellektin və tənqidi təfəkkürün işığından keçir.
Başqasının qandallarını könüllü şəkildə qollarına taxmaq istəyən bir nəsli yalnız güclü, müasir və qürur duyulacaq milli kimliklə — türkçülüklə xilas etmək olar. Zəka və rasional düşüncə ilə silahlanmış, özünü qlobal sivilizasiyanın bir parçası kimi görən heç bir vətəndaş başqa bir cəmiyyətin cırıb atdığı o köhnə və qaranlıq libası əyninə geyinməz. Показать меньше.
Dr. Benjamin Karimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]