Tarixi foto 1929-cu ildə çəkilib.
Bu gün, 10:54

Həmin illərə qədər qadınların ictimai yerlərdə siqaret çəkməsi böyük ədəbsizlik hesab olunurdu. Bu isə tütün şirkətləri üçün ciddi problem idi. Çünki potensial müştərilərin təxminən 50%-i qadınlar olsa da, onların böyük hissəsi siqaret çəkmirdi.
American Tobacco Company şirkətinin rəhbəri piar işini yaxşı bilən Edvard Bernaysı çağırır və bu problemi həll etməsini istəyir.
Bernays isə bir qrup feminist qadını seçir, onları gözəl geyindirib 1929-cu ildə Nyu-Yorkda keçirilən paradda iştirak etməyə göndərir. Qadınlar insanların arasına daxil olan kimi Lucky Strike siqaretlərini çıxarıb çəkməyə başlayırlar.
Əvvəlcədən xəbərdar edilən jurnalistlər həmin anı lentə alır və fotolar qəzetlərdə “Azadlıq məşəlləri” başlığı ilə yayımlanır.
Bundan sonra digər feminist qruplar da dəstək üçün izdihamın olduğu yerlərdə nümayişcəsinə siqaret çəkməyə başlayırlar.
Beləliklə, aparılan kampaniya nəticəsində siqaret çəkmək qadınlar arasında “müstəqillik, müasirlik və azadlıq” anlayışları ilə əlaqələndirilir. Qadınlar arasında siqaret istifadəsi sürətlə artır və tütün şirkətləri bundan milyardlarla dollar gəlir əldə edirlər.
Orxan Atabəy

