"Moskva Avropada qanlı sui-qəsdlərə hazırlaşır" – Öldürüləcək şəxslər müəyyənləşdirilib

Bu gün, 07:48           
"Moskva Avropada qanlı sui-qəsdlərə hazırlaşır" –
Rusiya Avropa ölkələrində Ukrayna ordusunu silah və hərbi texnika ilə təmin edən müəssisələrin rəhbərlərinə qarşı sui-qəsdlər hazırlamaqda ittiham olunur.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times nəşri beş Avropa kəşfiyyat xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Kreml Ukraynaya göstərilən hərbi dəstəyi zəiflətmək məqsədilə Avropa ölkələrində gizli əməliyyatların miqyasını genişləndirmək barədə göstəriş verib.

Əsas hədəflər Ukrayna ordusu üçün silah, pilotsuz uçuş aparatları və hərbi texnikanın müxtəlif komponentlərini istehsal edən müəssisələrin rəhbərləridir.

Kəşfiyyat məlumatlarına əsasən, təhlükə yalnız Avropanın nəhəng müdafiə konsernlərinin yüksəkvəzifəli menecerlərini deyil, həm də kiçik silah istehsalçılarının rəhbərlərini əhatə edir.

Financial Times yazır ki, bu əməliyyatların təşkilində Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) iştirak etdiyi bildirilir. İddialara görə, Rusiya hərbi kəşfiyyatı gizli əməliyyatların həyata keçirilməsi üçün cinayətkar qruplaşmalardan getdikcə daha fəal istifadə edir.

Bu qruplaşmalar arasında xüsusi vəzifə bölgüsünün aparıldığı bildirilir. Bəzilərinə hədəflərin izlənilməsi, digərlərinə əməliyyatların maddi-texniki təminatı, başqa şəxslərə isə birbaşa hücumların həyata keçirilməsi tapşırılır.

Avropa xüsusi xidmət orqanlarının artıq bir neçə ehtimal olunan hücumun qarşısını aldığı bildirilir. Yaranmış təhlükə fonunda bəzi müdafiə sənayesi müəssisələri rəhbərlərinin şəxsi mühafizəsini gücləndirib.

Kəşfiyyat nümayəndələri hesab edirlər ki, mümkün sui-qəsdlərin əsas məqsədi Avropanın müdafiə sənayesində qorxu yaratmaq, silah istehsalına mane olmaq və Ukraynaya hərbi yardımların davamlılığını pozmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]