Bəli, Təhsil hər bir Dövlətin Milli Təhlükəsizlik məsələsidir!
Bu gün, 00:11

“Hicab məsələsi” onu göstərdi ki, Azərbaycanda orta məktəblər tam nəzarətsiz hala düşüb. Səbəb və nəticə əlaqələri bəllidir. Başda Emin Əmrullayev olmaqla bu mürəkkəb təsisata rəhbərlik edən səriştəsizlərin ucbatından mövcud durum yaranıb. Əmrullayev Orta təhsilin idarə edilməsi strukturlarına yüksək vəzifələrə "Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay"dan kadrlar gətirdi. Məktəb anlayışından xəbəri olmayanlar məktəb direktoru təyin olundu. Siz təsəvvür edin Bakı Şəhəri üzrə Təhsil idarəsənin müdiri vəzifəsini müvəqəti icra edən Nərminə Hüseynovanın ixtisası beynəlxalq münasibətlərdir. Bu ölkədə bir pedaqoq tapılmır ki, bu böyük idarəyə müdir təyin edəsən? Gecikmiş qərarların əziyyətini cəmiyyətmi çəkməlidir?
Təsəvvür edin , 1931- ci ildə yaradılan və təhsilin beyin mərkəzi sayılan Təhsil İnstitutuna E. Əmrullayev dostu və şəriki, elmdən və təhsildən tam uzaq olan Elnur Əliyevi müvəqqəti direktor əvəzi təyin etməklə bu tarixi tədqiqat mərkəzini tam urvatdan saldı. Bu bir yana, həmin bu Elnur Əliyev həm də nazirin müşaviridir. Nazirliyin tarixində belə kronizm (ingilscə crony-yaxın dost) mərəzinə rast gəlinməyib…
İndi Nizami Cəfərovdan tutmuş Cəsarət Hüseyzadəyə qədər hamı deyir ki, məktəblərdə Vahid geyim forması sosial bərabərliyə xidmət edir. Bu fikirlə mən də razıyam. Sadəlik -gözəllikdir. Düşünürəm ki, hicab məsələsi səliqəli şəkildə yoluna qoyulacaq. Ancaq məktəbin başqa dərdi var, dostlar!
Təsəvvür olunan sosial bərabərlik geyimlə yoluna qoyulacaq, sosial - bərabərsizlik yaradan daha böyük bəla mövcuddur. Məktəb təhsilinin tam olaraq repetitor təhsilinə təslim edilməsi yoxsulluq yaradan birinci faktorudur. Uşaqlar günün 7-8 saatını evlərdə, məktəblərdə müəllimlərə icarəyə verilmiş sinif otaqlarında, kurslarda test tapşırıqları öyrənirlər. Valideyinlər uşaqlarının məktəbə gəlməmələri üçün direktorlarla sövdələşir və ibtidai təhsildən 11 sinifə qədər ən azı ayda 400-500 manat repetitor xidmətinə pul xərcləyirlər. Bu böyük miqdarda vəsait uşaqların qidalanmasına və geyiminə xərclənməlidir, cənablar! Bəli, məktəb təhsilini bilərəkdən iflic vəziyyətınə salan Emin Əmrullayev və onun səriştəsiz, tamahkar komandası oldu. Yeni dərs ilinin başlanmasının hələ bir ayı tamam olmayıb, hər gün məktəblərdə pul toplamaq barədə səs yazıları yayılır. Dövlət babanın təhsilə xərclədiyi vəsaitin keyfiyyətə və tərbiyəyə zərrə qədər təsiri yoxdur.
Təhsildə sosial bərabərlik deyirsiniz? Azərbaycanda Özəl orta məktəblərdə illik təhsil haqqı 10-20 min manat civarındadır. Özəl orta məktəblərin sahiblərinin demək olar ki, hamısı milyoncu oliqarxlardır. Hansı özəl orta məktəb kasıb, lakin yüksək istedada malik olan çox yox, 10 uşağa kvota ayırır?
Sonda, sosial bərabərliyin sərhəddini aşan acı bir həqiqəti yazacam. Milli Məclisin deputatı olduğum vaxtlar “Ümumi təhsil haqqında” Qanuna Şəhid Övladlarının Özəl orta məktəblərdə ödənişsiz təhsil almaları barədə maddənin əlavə edilməsi ilə bağlı bir neçə dəfə təklif irəli sürdüm.
Təəssüflər, təkliflərim havada qaldı.
Yeri gəlmişkən: Hicabla bağlı multikulturalizm üzrə nəhəng mütəxəssis, professor Cefri Livinin maraqlı fikrini sizinlə bölüşmək istəyirəm: “Böyük Britaniyada dövlət məktəblərində hicabın geyinilməsi ilə bağlı mübahisə yaranmışdı. Məktəb rəhbərliyi hesab edirdi ki, bu, bəzi şagirdləri məktəb ilə uyğun gəlməyən geyim vasitəsilə digərlərindən fərqləndirir. Tapılan həll yolu isə ondan ibarət oldu ki, müsəlman qızlara hicab taxmağa icazə verildi, lakin hicab məktəbin rəsmi rənglərindən olmalı idi. Beləliklə, hicab həm fərqliliyi qoruyurdu, həm də məktəbə mənsubiyyəti ifadə edirdi”.
Etibar Əliyev
TEREF

