Merz Aİ-nin yeni uzunmüddətli büdcə layihəsini qəbuledilməz adlandırıb
Bu gün, 11:14

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının (Aİ) 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcəsinin yeni kompromis layihəsinin Berlin üçün qəbuledilməz olduğunu bildirib.
Merzin sözlərinə görə, təklif olunan layihə razılığa gəlmək üçün əsas ola bilməz. O vurğulayıb ki, güclü və suveren Avropa üçün köklü şəkildə yenilənmiş, maliyyə baxımından dayanıqlı çoxillik büdcə planı hazırlanmalıdır.
Kansler büdcənin əsas maliyyə yükünü daşıyan ölkələr üçün münasib səviyyədə saxlanılmasının vacibliyini qeyd edib. Onun fikrincə, xərclərin prioritetlərinin yenidən müəyyənləşdirilməsi və büdcənin müasirləşdirilməsi bütün üzv dövlətlərin məsuliyyətidir.
Aİ-yə üzv 27 ölkə Avropa Komissiyasının 1,76 trilyon avro həcmində təklif etdiyi büdcəni 141 milyard avro azaldaraq 1,62 trilyon avroya endirməyi təklif edib.
Almaniya, Niderland, İsveç və Avstriya kimi ittifaqın xalis donor ölkələri büdcənin daha ciddi şəkildə ixtisar edilməsini tələb edirlər. Berlin, eyni zamanda, rəqabətqabiliyyətlilik, elmi tədqiqatlar və müdafiə xərclərinin azaldılması planından narazıdır. Almaniya kənd təsərrüfatına və iqtisadi cəhətdən zəif regionlara ayrılan subsidiyaların isə böyük ölçüdə qorunmasını tənqid edir.
2028–2034-cü illəri əhatə edəcək çoxillik büdcə ilə bağlı danışıqların 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

