Bir diplomatik səfərin xronikası və ya Çeçenistan Səudiyyə Ərəbistanına əsgər göndərəcəkmi?

Bu gün, 11:44           
Bir diplomatik səfərin xronikası və ya Çeçenistan Səudiyyə Ərəbistanına əsgər göndərəcəkmi?
9 okt. 2026: Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Aşqabadda təkbətək görüşüb. İki lider əsasən Azərbaycan təyyarəsinin Qroznı səması üzərində vurulmasını növbəti dəfə müzakirə ediblər.
9 okt. 2026: Tramp Putinə zəng edib. Rusiya Baş nazirinin müavini Yuri Uşakovun iddiasına görə, iki lider arasında telefon danışığı 1.5 saat sürüb və tərəflər danışıqdan doymadıqları üçün uzun müddət “telefonu birinci sən söndür” yarışına giriblər. Sonunda ortaq məxrəc tapılıb və hər ikisi “bir, iki, üç” deyib telefonu eyni anda söndürüblər.
Putinlə Tramp arasındakı danışığın da iki əsas mövzusu olub – Ukrayna və İran məsələsi. Rusiya prezidenti öz həmkarına bildirib ki, ölkəsi İranın zənginləşdirilmiş nüvə materialını qəbul etməyə hazırdır.
O həmçinin qeyd edib ki, Aşqabadda İran prezidenti Pezeşkiyanla da görüşüb və İran hazırda Qətərin vasitəçiliyi ilə sülh danışıqları aparır. Putinin bu şad xəbərləri Trampı elə riqqətə gətirib ki, gecə yarısından xeyli keçməsinə baxmayaraq, onunla söhbəti bitirmək istəməyib. Hər halda Uşakovun dediklərindən belə anlaşılır.
10 okt. 2026: Ertəsi gün Tramp Ukraynanın müharibəni uduzduğunu elan edib və Rusiya ilə neft ixracı məsələsində razılığa gəldiklərini bildirib. Yəni, Putinə misli görünməmiş güzşətə gedib.
10 okt. 2026: İlham Əliyev Çeçenistan lideri Ramzan Kadırovla görüşüb. Kadırov öncədən yazılıb əlinə verilmiş “konspekti” oxuyaraq 2024-cü ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından duyduğu üzüntünü dilə gətirib, özünün və bütün çeçen xalqının adından İlham Əliyevə dərin hüznlə başsağlığı verib.
10 okt. 2026: İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə də telefonla danışıb. Danışığın əsas mövzuları arasında “Pakistanın regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər” də yer alıb. Xatırladım ki, Pakistan da qardaş Türkiyə kimi Məkkə İttifaqının qurucu üzvlərindəndir.
Qısası, görünən budur ki, ABŞ Rusiyaya Ukraynanı, Rusiya ABŞ-a İranı satıb. İran da bu qlobal alış-verişdən kənarda qalmayıb. O da öz növbəsində sağ qalması müqabilində zənginləşdirilmiş nüvə materialını satıb. Amma ABŞ-ın tələbi təkcə nüvə materialı ilə də bitmir. Qlobal neft axışını təmin etmədən İranın nüvə materialını Rusiyaya təhvil verməsi problemi çözmür. İran isə problem çözülmədən özünün ən güclü strateji silahından vaz keçməz. Məntiqlə, qlobal neft keçişi kanallarının, xüsusilə də Babül-Məndəb boğazının açılması istiqamətində də hansısa razılıqlar əldə olunmalı idi və yəqin ki, olunub da.
Açığı, mənim fikrimcə, Çeçenistan lideri Ramzan Kadırovun beynəlxalq söhbətlərin mərkəzinə oturdulmasının sirri də bu məqamda gizlidir. Əks halda, bundan əvvəl daha dərindən üzrxahlıq edən Kadırovu İlham Əliyev yenə də geri çevirər, onunla görüşməzdi.
Çox uzatmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, şəxsən mən Çeçenistanın da yaxın zamanlarda Səudiyyə Ərəbistanına əsgər göndərdiyini eşitsəm, təəccüblənməyəcəyəm. Səbəbini indidən deyib boş yerə təpki çəkmək istəmirəm. Təxminlərim tutsa, səbəbini o zaman sizinlə paylaşacağam.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]