Roma Papası ölüm hökmünü qəbuledilməz adlandırıb: ABŞ-da edamın canlı yayımlanması planlaşdırılır

Bu gün, 11:04           
Roma Papası ölüm hökmünü qəbuledilməz adlandırıb: ABŞ-da edamın canlı yayımlanması planlaşdırılır
Roma Papası XIV Leo ölüm hökmünü “qəbuledilməz” adlandıraraq bu cəzanın insan ləyaqətinə zidd olduğunu bildirib. Onun bəyanatı ABŞ-da hərbi bazada kütləvi qətl törətməkdə təqsirli bilinən Nidal Malik Həsənin edamının canlı yayımlanmasının planlaşdırıldığı vaxta təsadüf edib.
Papa Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günü münasibətilə “X” sosial şəbəkəsində paylaşım edib. O, Katolik Kilsəsinin ölüm hökmünə dair mövqeyini xatırladaraq, ictimai təhlükəsizliyin və ədalətin bu cəzaya müraciət etmədən də təmin oluna biləcəyini vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi oktyabrın 8-də 2009-cu ildə Fort-Hud hərbi bazasında atışma törətməkdə təqsirli bilinən Nidal Malik Həsənin güllələnmə yolu ilə edamının canlı yayımlanacağını açıqlayıb. Həsənin edamının dekabrın 3-də keçirilməsi planlaşdırılır. Həmin hücum nəticəsində 13 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Vatikanın dövlət katibi kardinal Pyetro Parolin də planlaşdırılan yayımı kəskin tənqid edib. O, edamı ictimai tamaşaya çevirməyin qəbuledilməz olduğunu bildirib və ölüm hökmünün insan ləyaqəti ilə uzlaşmadığını vurğulayıb.

ABŞ Katolik Yepiskopları Konfransının rəhbəri arxiyepiskop Pol Kokli də Pentaqonun qərarından təəssüfləndiyini bildirib və planın yenidən nəzərdən keçirilməsinə çağırıb.

2018-ci ildə Papa Fransisk Katolik Kilsəsinin rəsmi təliminə dəyişiklik edərək ölüm hökmünü bütün hallarda qəbuledilməz elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]