Trampda narsistik şəxsiyyət pozğunluğunun növbəti mövsümi kəskinləşməsi hiss olunur.
Bu gün, 10:44

Ezopun məşhur təmsilindəki qurd kimi davranan Tramp Zelenskini ittiham edir ki, o, Rusiyanın neftayırma müəssisələrinə zərbə endirməklə amerikalı fermerlərə zərbə vurur. Demək istəyir ki, neft məhz Ukraynanın zərbələrinə görə bahalaşır və amerikalı istehlakçılar, xüsusən də "Qarğıdalı qurşağı" (Corn belt), "Buğda qurşağı" (Wheat belt) adlandırılan ştatlarda respublikaçıların ənənəvi elektoratı olan fermerlər bundan əziyyət çəkir, nəticədə seçki ərəfəsində partiyanın reytinqi aşağı düşür.
Trampın Netanyahu ilə bərabər İrana qarşı apardığı müharibə dünya və ABŞ daxili bazarında yanacağın qiymətinin artmasının əsas səbəbi olduğu halda, o, məsuliyyəti öz üzərindən atıb, Ukraynanın boynuna qoyur. Bununla seçiciləri yanıltmağa çalışır ki, bahalaşmada guya mövcud administrasiyanın rolu yoxdur, bu səbəbdən onlar seçkidə respublikaçıları cəzalandırmasınlar. Məhz bu fonda Tramp Rusiyaya qarşı sanksiya sistemini dağıtmaq üçün çoxdan arzuladığı münbit zəminin yarandığını düşünərək Rusiyadan yanacaq almağı bir məcburiyyət, son çarə kimi ictimaiyyətə sırımağa çalışır.
Rusiyadan ilk mərhələdə satın alınması nəzərdə tutulan 300 min ton dizeli Tramp böyük miqdar kimi təqdim edir, halbuki bu, ABŞ-ın cəmi yarım sutkalıq tələbatıdır. İlin sonuna qədər Rusiyadan ümumilikdə 1,8 milyon ton dizel alınması planlaşdırılır, bu isə ABŞ-ın cəmi 82 saatlıq tələbatıdır. ABŞ özü gündə 500 min tona yaxın, ayda isə 15 milyon ton civarında dizel istehsal edir, bir hissəsini ixraca yönəldir. Rusiya ABŞ-a göndərməyə dizel taparsa (bu, hələ sual altındadır) dəryada damla olan həmin həcmin qiymətlərə ciddi təsiri ola biməz. Niyyət əslində qeyd etdiyimiz kimi, seçiciləri çaşdırmaq və Rusiyaya qarşı sanksiya rejimini zəiflətməklə onunla ticarətə başlamaqdır. (Təbii ki, Tramp ailəsi mənsublarının və onların çevrəsindəki acgözlərin maddi maraqları naminə...)
Absurdluğa baxın ki, Senatda qəbul olunan və Rusiyadan enerji daşıyıcıları alan ölkələrə yüksək rüsumların tətbiqini nəzərdə tutan qanun layihəsinin ("cəhənnəm sanksiyaları") imzalanmasından hələ 1 ay ötməyib, indi belə çıxır ki, ABŞ özü özünə sanksiya tətbiq etməlidir.
Trampın Ukraynaya yeni lider lazım olduğu barədə sözləri isə gülüncdür. Əvvəla, bəyənilmə səviyyəsi 34, hətta 32 faizə geriləmiş Trampın legitimliyi qalmayıb və Konqres seçkilərinin nəticəsində "topal ördək" durumuna düşməsi ehtimalı yüksəkdir. Sorğu mərkəzləri yanılmırsa, respublikaçılar Nümayəndələr Palatası ilə birlikdə Senatı da itirə bilər. Bu sorğulara əsasən demokratlar Senatda mövcud yerlərini qorumaqdan əlavə, respublikaçılardan 4-6 kreslo alır. Əgər demokratlar əlavə 4 ştatda qələbə qazanarsa, Senatda qüvvələr nisbəti 51-49 onların lehinə olacaq. Bu perspektivdən qorxan Tramp vəziyyəti xilas etmək üçün panik halda "bütün klavişlərə" basır və dostu Putinin yardımına müraciət edir. Əslində ABŞ-ın özünə yeni lider lazımdır.
Trampın güclü vaxtında Ağ Evdə onun qarşısında əyilməmiş Zelenskinin indi qorxmasına əsas yoxdur. Tramp davranışlarına görə Ezopun təmsilindəki qurda oxşasa belə, olsa-olsa dişləri çürümüş qurd ola bilər. Zelenski də quzu deyil axı...
Shahin Ceferli
TEREF

