HİCAB, İMAN VƏ VALİDEYNLİK: BİZ ƏSLİNDƏ NƏYİ MÜDAFİƏ EDİRİK?
Bu gün, 00:01

Bu gün hicabla bağlı müzakirələrə fərqli bir prizmadan baxmaq istəyirəm. Mənim məqsədim nə hicabı müdafiə etmək, nə də ona qarşı çıxmaqdır. Məqsədim düşünməyə dəvət etməkdir.
Əziz valideynlər, sizə üç sualım var.
Birinci sual: Qızınıza hicabı Allahın razılığını qazanmaq üçün geyindirirsiniz, yoxsa Allahın cəzasından qorxduğunuz üçün?
Əgər bu, iman seçimidirsə, onda özümüzdən soruşaq: iman qorxu ilə formalaşmalıdır, yoxsa şüurlu dərk və səmimi inamla?
İkinci sual: Siz hicabı qızınızın tərbiyəsi üçün vacib hesab etdiyinizə görəmi istəyirsiniz?
Əgər belədirsə, özünüzdən soruşun: biz övladımıza yalnız geyim qaydası öyrədirik, yoxsa vicdan, məsuliyyət, mərhəmət, dürüstlük və özünə hörmət də aşılayırıq?
Çünki uşağın tərbiyəsi yalnız geyimindən ibarət deyil. Onun necə düşündüyü, başqalarına necə davrandığı və doğru ilə yanlışı necə ayırd etdiyi də tərbiyənin bir hissəsidir.
Üçüncü sual: Əgər deyirsinizsə ki, Quranda belə buyurulub, onda Qurandakı digər hökmləri də eyni diqqətlə nəzərə alırıqmı?
Nisa surəsinin 59-cu ayəsində Allaha, Peyğəmbərə və aranızdan olan ixtiyar sahiblərinə itaətdən bəhs edilir.İxtiyar sahibinin qərarına etirazınız Quran ayəsinə qarşı çıxmaq deyil sizcə?
Bu məsələləri emosiyalarla deyil, bilik, vicdan və hüquqi düşüncə ilə müzakirə etməli deyilikmi?
Son olaraq bildirmək istəyirəm ki,sevgi intim bir məsələ olmalıdır.Bu allaha, insan,vətənə və s başqa bir şeyə olan sevgi ola bilər.Əgər sən sevgini,sevdiyini nümayiş elətdirirsənsə demək sən sevmirsən sən sadəcə sevirmiş kimi göstərirsən...
Ceyhun Aliyev
TEREF

