“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...
Bu gün, 00:14

“Hicab qadağası” iddiası ilə məktəblərə edilən hücumların birində “İmam Zaman canazadə dəftəri” sözlərinin keçdiyi mərsiyə deyilirdi. Mərsiyəni deyən, şagirdləri etiraza səsləyən məktəbli deyil, onun valideyn olub-olmadığı da bilinmir. Bilinən budur ki, məktəbli formasının tətbiqini “hicab qadağası” manipulyasiyasına çevrilməsi ilə başlanan hücumların koordinasiya edildiyi göz önündədir. Detallar hər şeyi göstərir.
1. Hələ ötən həftə 12 oktyabr tarixində “hicaba dəstək” aksiyası təyin edilmişdi və bu gün səhər saatlarından etibarən müxtəlif məktəblərə hücumlar eyni vaxtda başlandı;
2. Aksiyanın iştirakçıları kimi öndə dayanan məktəblilər olsa da, onların yönləndirildiyi müşahidə edilir;
3. Məktəblərin birində qapı-pəncərənin sındırılması ilə nəticələnən hücumda yeniyetmə şagirdlərin də iştirak etdiyi görünür. Onları buna sövq edən kimlərdir?
İlk baxışda məktəblilərin önə çıxdığı hücumların arxasında valideynlərin dayandığını düşünmək olar, hərçənd, əksər valideyn öz övladını qabağa verərək, onu hücuma sövq etməz, hətta hicab məsələsinə görə etiraz etsə belə. Məhz bu məqam məktəb hücumlarının müəyyən qruplar tərəfindən idarə edildiyini deməyə əsas verir.
İzlər hara aparır?
Səslənən şüarlar, hücumların təşkili tanış səhnələrdir. Nardaranda və Gəncədə də eyni metodologiyadan istifadə etmişdilər. Vaxtilə Nardaranda polis maşınları yandıranlar bu gün Qaradağda məktəb direktorunun avtomobilinə od vurdu. Yasamalda isə məktəb binalarının birinin yandırılması cəhdinin qarşısı alınıb.
İzlərin İrana apardığına dair detallar var. Bu, təkcə “Azərbaycanda hicab qadağası” iddiasının hər zaman İran tərəfindən ictimai rəyi manipulyasiya etmək məqsədilə istifadə edildiyi, Nardaran və Gəncə hücumlarının bu ölkədən həyata keçirildiyi faktlarından ibarət deyil. Hadisələrin bugünkü vəziyyətə doğru inkişaf etdirilməsinin Qumda keçrilən toplantıdan sonra baş verməsi xüsusilə diqqət çəkir.
Sentyabrın 30-da Qumda bir qrup “azərbaycanlı ruhanilər və tələbələr”in “hicab qadağası” iddiası ilə konfans keçirməsindən sonra kampaniya genişləndirildi və məktəb direktorlarının siyahısı hazırlandı. Bu siyahı İrana bağlı olan “Müsəlman Birliyi Hərəkatı”nın “Avropa nümayəndəliyi”nin üzvləri tərəfindən paylaşıldı. Və hücumlar təşkil edildi.
Əsas məqamlardan biri kampaniyada və məktəb aksiyalarında azyaşlıların alətə çevrilməsidir. Təcrübə ilə təsdiq olunub ki, İran üçün dini-ideoloji təxribatlarda uşaqların istifadə edilməsi “qırmızı xətt” deyil. Bu gün Azərbaycan dövlətinin təhsil ocaqlarında vahid geyim formasını tətbiq etməsinin məqsədi də şagirdlərin – gələcəyimizin xarici qüvvələrin dini-ideoloji təxribatlarının qurbanına çevrilməsinin qarşısını almaqdır.
Asif Nərimanlı

