Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 09:59

Gündəlik kreditlər üzrə gecikmələrlə bağlı yeni dəyişiklik qüvvəyə minib. Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, bu kreditlər üzrə 90 gündən çox gecikmə borcalanın maliyyə çətinliyinin müəyyən edilməsində tətbiq olunan 20 faizlik meyarla qiymətləndirilməyəcək.
Bu dəyişiklik borcu olan vətəndaşlara nə vəd edir? Ödənişlərini vaxtında edə bilməyən şəxslər kreditlərini restrukturizasiya edə, gecikmə faizləri və cərimələrdən azad oluna bilərlərmi?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, bank olmayan kredit təşkilatları (BOKT) üçün müəyyənləşdirilən yeni qaydalar əsasən gündəlik kreditlərin tənzimlənməsinə yönəlib:
“Bu kreditlər, adətən, qısamüddətli və kiçik məbləğli olur, faiz dərəcələri isə nisbətən yüksəkdir. Belə kreditlərin ümidsiz kreditə çevrilməsi üçün cəmi bir günlük gecikmə kifayət edir. Əvvəlki yanaşmaya görə, vətəndaşın kredit öhdəliklərinin 20 faizinin 90 gündən çox gecikməsi onun maliyyə vəziyyətinin pisləşməsinə işarə edirdi. Lakin yeni hesablamalarda bu meyar nəzərə alınmayacaq. Yeni qaydalara görə, vətəndaş gündəlik kredit üzrə borc məbləğinin 20 faizini ödəməyə hazır olduqda ona borcun restrukturizasiyası üçün 45 gün vaxt verilir. Bu müddət ərzində gecikmə cərimələri və cərimə faizləri hesablanmır. Beləliklə, vətəndaş əsas faizləri ödəməklə borcunu qaytarmaq üçün əlavə imkan əldə edir və gecikmə səbəbindən yaranan əlavə cərimələrlə üzləşmir”.
Ekspert bildirib ki, qaydalarda borc və gəlirlə bağlı məhdudiyyətlər də nəzərdə tutulur:
“Belə ki, BOKT-ların gündəlik kreditlər üzrə əldə edə biləcəyi gəlirə verilən borcun iki misli həcmində limit tətbiq olunur. Məsələn, vətəndaşa 500 manat kredit verildikdə, təşkilatın həmin kredit üzrə geri ala biləcəyi maksimum məbləğ 1000 manat təşkil edir. Eyni zamanda, komissiya və faizlərə də müəyyən məhdudiyyətlər qoyulur ki, vətəndaşın üzərinə həddindən artıq maliyyə yükü düşməsin.
Ümumilikdə, yeni qaydalar gündəlik kreditlərdən istifadə zamanı vətəndaşların üzləşdiyi çətinliklərin azaldılmasına və borc yükünün məhdudlaşdırılmasına xidmət edir. BOKT-lar üçün müxtəlif komissiya və xidmət haqları əvəzinə kredit üzrə vahid maksimal gəlir həddinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma təşkilatların əlavə gəlirləri müxtəlif adlar altında təqdim edərək vətəndaşların maliyyə yükünü artırmasının qarşısını almağa və kredit şərtlərində şəffaflığı təmin etməyə yönəlib”.

