Keçmiş deputatın oğlunun 10 manatlıq şirkətinə böyük tender – Suraxanı rayonunda tenderlər pelə paylanır
Bu gün, 10:38
Suraxanı Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) nəqliyyat vasitələrinin cari təmir xərcləri üçün böyük həcmdə ehtiyat hissələrinin, təkərlərin, akkumulyatorların və mühərrik detallarının satın alınması üzrə tenderə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, müxtəlif markalı "KAMAZ", "ZİL", "QAZ", "Komatsu" və "CAT" texnikaları üçün ehtiyat hissələrinin tədarükü üzrə keçirilən müsabiqənin qalibi "Barsel" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 63.681,33 AZN-dir.
Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 22B, mənzil 25 ünvanında qeydiyyatda olan və qanuni təmsilçisi Orxan Mustafayev Elsevər oğlu olan bu şirkətin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir.
Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, onun tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi isə Mais Məmmədovdur. Mediada gedən məlumatlara görə, Orxan Mustafayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur.